Prezidentin suverenliyi bərpa olunmuş Azərbaycanın parlamentindən Qərbə tarixi ismarışı

Prezidentin suverenliyi bərpa olunmuş Azərbaycanın parlamentindən Qərbə tarixi ismarışı
Şərh
Siyasət 37

Bu gün Azərbaycan xalqı öz tarixinin ən əlamətdar günlərindən birinə şahidlik etdi.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk tarixi iclası baş tutdu. Bəli, məhz tarixi. İlk iclasın işində iştirak edən Prezident İlham Əliyev də bunu xüsusi vurğuladı.

Prezident bildirdi ki, müstəqillik tariximizdə ilk dəfə idi ölkəmizin bütün ərazisində parlament seçkiləri keçirilib. Və bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu, öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu nümayiş etdirib. Ona görə də 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki parlament və bundan əvvəl prezident seçkiləri bütün ərazilərdə keçirilib. Bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu.

Dövlət başçısı çıxışında bir sıra maraqlı məqamlara da toxundu. Prezidentin çıxışında əsas məqamlardan biri, sözsüz ki, Ermənistanda revanşist qüvvələrin baş qaldırması, onun əcnəbi havadarlarının qızışdırıcı bəyanatları ilə bağlıdır.

Prezident bildirdi ki, bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır.

İlham Əliyev ATƏT-in Minsk qrupuna da toxundu. Bildirdi ki, bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir. Qarabağ münaqişəsinin həlli üçün yaradılan Minsk qrupu bu illər ərzində heç bir qaneedici fəaliyyətlə məşğul olmayıb.

"Ermənistanın rəsmi dairələri də öz bəyanatları ilə sanki bunu etiraf edirlər. Amma bununla paralel olaraq, bizim bütün təkidlərimizə rəğmən, Minsk qrupunu yenə də formal olaraq saxlamaq ancaq bir məqsədi güdə bilər ki, yenidən bizə qarşı ərazi iddiaları baş qaldırsın", - deyə Prezident vurğulayıb.

Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar - bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib.

Dövlət başçısının səsləndirdiyi fikirlər arasında qələbəmizi həzm edə bilməyən xarici dairələrin bizə qarşı yeni planlar hazırlaması ilə bağlı məsələ də yer alıb: "Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Ancaq əldə edilmiş məlumatlar bunu göstərir. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur - bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni, biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur".

Ölkə rəhbərinin çıxışında ən maraqlı məqamlardan biri də Ermənistana yönəlik bəyanatıdır. Belə ki, Qərb ölkələrindən bu dövlətə silah-sursat göndərilir. Bəzi hallarda açıq - necə ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır - bəzi hallarda isə məxfi formada. Yəni, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır.

Ardınca dövlət başçısı erməni xalqına və dövlətinə də mesajlar ötürüb. Xüsusi vurğulayıb ki, həmin qüvvələri erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın, beləliklə, öz maraqlarını təmin etsin. Yəni, bu metodologiya kifayət qədər bəsitdir.

Prezident Ermənistanı və tərəfdarlarını xəbərdar edib ki, Azərbaycan buna imkan verməyəcək. "Mən artıq demişəm ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Onu hər kəs bilsin. Sərhədlərin mühafizəsi isə həm vizual, həm infrastruktur, həm texnoloji vasitələrlə təşkil edilir və edilməlidir. Ancaq biz hamımız bilməliyik ki, bu, çox böyük, genişmiqyaslı bir işdir", - deyə ölkə başçısı vurğulayıb.

Qərb və erməni havadarlarından söz düşmüşkən, Prezidentin çıxışında diqqətçəkən məqamlardan biri tarixə müraciət etməsi oldu. Məsələn, bildirdi ki, İkinci Dünya müharibəsindən sonra faşist Almaniyasına heç kim sülh müqaviləsi təklif etməyib. Faşist Almaniyası bir neçə yerə bölünmüşdü, kapitulyasiyaya uğrayan faşist dövlət cəzalandırıldı. Ermənistanda kapitulyasiyaya uğrayan faşist dövlət nəinki cəzalandırılmadı, hətta onlara bütün preferensiyalar verilir. Prezident haqlı olaraq bildirib ki, Ermənistana Amerikadan indi 250 milyon dollar pul verilir:

"O puldan onlar öz daxili məqsədlərinə istifadə edəcəklər, qənaət olunan pula isə silah alacaqlar, bizi öldürməyə. Bu məsuliyyəti kim daşıyır və kim daşıyacaq? O pulu onlara verən. O cümlədən dırnaqarası "Avropa Sülh Fondu".

Görün, bu riyakarlığın səviyyəsinə baxın. Silah üçün nəzərdə tutulan fond, ona Sülh Fondu deyirlər, Ermənistan ondan istifadə edir, Fransadan pulsuz silah alır. O vəsait də ödənilmir, başqa yerlərdən. Ona görə bu, ciddi məsələdir və bu barədə çox da danışmaq istəməzdim".

Prezident bir daha bəyan etdi ki, Azərbaycanın şərtləri yerində qalır. Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır. Və Ermənistan anlamalıdır ki, regionda və öz dövlətində sülh, əmin-amanlıq istəyirsə, bunlara əməl etməldidir.

Beləliklə, Azərbaycanın tələbləri aşağıdakılardır.

Birincisi, Ermənistan Azərbaycana qarşı rəsmi ərazi iddialarına son qoymalı, konstitusiyasına dəyişiklik etməlidir.

İkincisi, Azərbaycan ikitərəfli formatda qarşılıqlı hörmət əsasında istənilən ölkə ilə əməkdaşlığa hazırdır, amma diktə yolunu, ittiham, qaralama metodlarını heç vaxt qəbul etməyəcək.

Üçüncüsü, Azərbaycan ləyaqətli, qürurlu dövlətdir; Tarixi Zəfərdən sonra Azərbaycanın beynəlxalq nüfuzu əsaslı şəkildə yüksəlib, mövqeləri möhkəmlənib, beynəlxalq ictimaiyyətin dəstəyini qazanıb.

Sonuncusu, ənənəvi tərəfdaşlarla, dostlarla münasibətlər yerindədir və daha da inkişaf edir. Ermənistan da bunu anlamalıdır, əks təqdirdə, ölkənin çöküşü prosesi sürətlənməkdə davam edəcək.

Son xəbərlər