Paşinyanın xeyli sayda itmiş silahların olmasını bildirməsi növbəti cəfəngiyyatdır

Paşinyanın xeyli sayda itmiş silahların olmasını bildirməsi növbəti cəfəngiyyatdır
Şərh
Siyasət 87

Cənab Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdi ki, Ermənistanın müharibədən sonra öhdəliklərini yerinə yetirməsi sırf "Dəmir yumruğun" sayəsində idi. Nə zaman ki, Ermənistan o "dadı" unudur ya destruktiv addımlara, ya da manipulyativ açıqlamalara əl atır.

Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 10-da "İrəvan dialoqu" adlı forumda çıxışı da əsassız çıxışları, dəyişməz erməni xisləti ilə yadda qaldı. İkincini dərhal onunla arqumentləşdirək, həm də əsaslandıraq ki, vacib məsələlərin həllini bir sonrakı mərhələlərə saxlamağın mümkünsüzlüyünün cavabını ermənilər regionda törətdikləri ilə özləri veriblər. Bir sözlə, nə Ermənistanın özünün, nə Nikol Paşinyanın sözünün üstünə nəinki odun yığmaq, hətta çöp də qoymaq olmaz.

Ermənistan "Üçtərəfli Bəyanatı" imzaladıqdan sonra belə üzərinə götürdüyü öhdəliklərin əksinə gedərək 2023-cü ilin sentyabrına qədər ölkəmizin ərazilərində hərbi fəaliyyətlə məşğul oldu, erməni silahlı qüvvələrini isə nəinki ərazilərimizdən çıxarmadı, eyni zamanda onları həm özü, həm də havadarları vasitəsilə qidalandırdı. Sadə xalqı isə yalançı vədlərlə, revanşist arzularla bəslədilər. Bu baxımdan da Paşinyanın 44 günlük müharibədən sonra xeyli sayda itmiş silahların olmasını bildirməsi də növbəti cəfəngiyyatdır. O baxımdan cəfəngiyyat ki, həmin bu silahlar qeyri-leqal yollarla 2020-2023-cu illər ərzində Qarabağa göndərilmişdir. Ermənistanın büdcə vəsaitləri də, hərbi-texniki bazası da məlumdur.

Sual olunur ki, bu qədər silah-sursatı Ermənistan necə ala bilib? Daha dəqiq cavab isə o zaman tapılır ki, Ermənistan nəyin qarşılığında bu silahlarla təmin olunub? Müharibə bitdi, Ermənistan əvvəl iddia etdi ki, mina xəritələri yoxdur, daha sonra Azərbaycanın təzyiqi və bu işə beynəlxalq ictimaiyyətin də cəlb edilməsindən sonra təzyiqlər nəticəsində qeyri-dəqiq xəritələri Azərbaycana təqdim etdi. Ermənistanın təkcə mina terrorunun nəticəsi olaraq neçə-neçə hərbçimizi, jurnalistlərimizi, mülki vətəndaşlarımızı itirdik. Ermənistanın xalqımıza qarşı törətdiyi mənəvi iztirab 2021-ci ildə Qarabağda və Şərqi Zəngəzurda minaların tapılması faktları ilə bir daha təsdiq olundu.

Ermənistanın bir digər öhdəliyi keçmiş Laçın dəhlizi ilə bağlı idi ki, sözügedən yol humanitar məqsədlərlə istifadə olunacaqdı. Ermənistan yenə də razılaşamaların əksinə olaraq yol vasitəsilə Qarabağa silahlar daşıdı. Bütün bunların fonunda Paşinyanın Azərbaycan və Ermənistan Konstitusiyalarını eyni tərəziyə qoyması, paralellik aparması həyasızlığın ən açıq forması, erməni üsulu və metodudur. Nə 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında, nə də 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Ermənistanın regionda hansı ərazi var idi ki, ona qarşı da nə iddiamız olsun? Bu, Ermənistan dövlətinin yaradılış konsepsiyası, idarəçilik və varoluş təxəyyülüdür. Yəni, "yox"dan "var" düzəltmək. Paşinyan da, havadarları da yaxşı dərk etsinlər ki, önəmli məsələləri bir sonrakı mərhələyə saxlamaq variantı yoxdur.

Şəbnəm Həsənova

Son xəbərlər