Naxçıvan regionun əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilə bilər - RƏY

Naxçıvan regionun əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilə bilər - RƏY
Şərh Foto
Siyasət 11

Naxçıvanın qarşısında yeni inkişaf imkanları yaranır. Gələcəkdə nəqliyyat infrastrukturu ilə yanaşı, enerji xətlərinin də yeni bağlantılar sisteminə inteqrasiyası muxtar respublikanın strateji əhəmiyyətini daha da artıra bilər.

Deputat Elçin Mirzəbəyli BAKU.WS-ə açıqlamasında bildirib ki, Mərkəzi Asiyadan Azərbaycana, Azərbaycandan Türkiyəyə, oradan isə Avropa bazarlarına uzanan enerji marşrutlarının genişləndirilməsi perspektivi Naxçıvanın transregional enerji infrastrukturu baxımından da mühüm mövqeyə çevrilməsinə imkan verir.

Onun sözlərinə görə, gələcəkdə Naxçıvanda nəqliyyat, logistika, enerji və istehsal bir-birini tamamlayan vahid iqtisadi sistemin əsas elementlərinə çevrilə bilər.

Naxçıvan regionun əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilə bilər - RƏY

Deputat qeyd edib ki, bütün bu proseslərin təməlində Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər dayanır. Onun fikrincə, hərbi qələbə regionda yeni siyasi reallıq yaradıb və hazırda əsas məqsəd bu reallığı davamlı sülh, iqtisadi əməkdaşlıq və regional kommunikasiyaların bərpası ilə möhkəmləndirməkdir.

"Bu mənada nəqliyyat layihələri yalnız iqtisadi layihələr deyil. Onlar siyasi nəticələrin institusional və iqtisadi müstəvidə möhkəmləndirilməsi vasitəsidir. Dəmir yolları, avtomobil yolları, logistika mərkəzləri, sərhəd-keçid məntəqələri və enerji xətləri bir tərəfdən iqtisadi əlaqələri genişləndirir, digər tərəfdən isə regionda yeni qarşılıqlı asılılıq və əməkdaşlıq mühiti yaradır", – deyə E.Mirzəbəyli bildirib.

Deputat hesab edir ki, "Prezident İlham Əliyev həm müharibəni, həm də sülhü qazandı" tezisi də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, söhbət yalnız hərbi qələbədən deyil, həmin qələbənin yaratdığı siyasi reallıqların sülh və iqtisadi əməkdaşlıq müstəvisində davamlı nəticələrə çevrilməsindən gedir.

E.Mirzəbəyli Prezident İlham Əliyevin Naxçıvana səfərinin də xüsusi tarixi mərhələyə təsadüf etdiyini vurğulayıb. O qeyd edib ki, uzun illər blokada şəraitində yaşayan Naxçıvan hazırda böyük geosiyasi və iqtisadi imkanların astanasındadır.

"Bir vaxtlar təcrid olunmuş ərazi kimi təqdim edilən Naxçıvan gələcəkdə regionun əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilə bilər. Bu, təkcə Naxçıvanın deyil, bütövlükdə Azərbaycanın regional rolunun dəyişməsi deməkdir", – deputat deyib.

Onun fikrincə, Naxçıvanın yeni dövrünü yalnız "blokadadan çıxış" kimi qiymətləndirmək kifayət deyil. Qarşıdakı əsas perspektiv muxtar respublikanın izolyasiya olunmuş ərazidən regional qovşağa çevrilməsidir.

Deputat bildirib ki, Vətən müharibəsində əldə olunan Zəfərlə yaranan yeni siyasi reallıq hazırda yollar, dəmir yolları, logistika mərkəzləri, enerji xətləri və digər iqtisadi layihələr vasitəsilə uzunmüddətli regional arxitekturaya çevrilir.

"Dünən blokadanın simvolu olan Naxçıvan sabah regionu birləşdirən yolların, ticarət marşrutlarının və enerji arteriyalarının kəsişdiyi məkana çevrilə bilər. Bu baxımdan Prezident İlham Əliyevin Naxçıvana səfəri təkcə növbəti işgüzar səfər deyil, Naxçıvan tarixində yeni mərhələnin başlandığının siyasi ifadəsi kimi qiymətləndirilə bilər", – deyə E.Mirzəbəyli əlavə edib.

Şahanə Xankişiyeva

Son xəbərlər