MDB-də sədrlik Azərbaycanın çoxtərəfli diplomatiyasında yeni imkanlar açan mərhələdir - RƏY
2027-ci ildə Müstəqil Dövlər Birliyində həmsədrlik və 2028-ci ildə sədrlik Azərbaycanın çoxtərəfli diplomatiyasında yeni imkanlar açan mühüm mərhələdir.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib.
Onun sözlərinə görə, bu perspektiv Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi mövqeyinin və müxtəlif dövlətlərlə əməkdaşlığın inkişafına verdiyi önəmin növbəti ifadəsidir.
Deputat qeyd edib ki, MDB-nin fəaliyyətinin təşkilində sədrliyin və həmsədrlik institutlarının xüsusi rolu vardır:
"Azərbaycanın 2027-ci ildə həmsədr, 2028-ci ildə isə sədr kimi fəaliyyət göstərməsi də məhz bu institusional davamlılıq kontekstində əhəmiyyətlidir. Həmsədrlik mərhələsi ölkəmizə təşkilatın cari fəaliyyətində fəal iştirak etmək, əməkdaşlıq gündəliyinin hazırlanmasına töhfə vermək və növbəti ildə həyata keçiriləcək tədbirlər üçün hazırlıq işlərini əlaqələndirmək imkanları yaradacaqdır. 2028-ci ildə sədrliyin üzərinə götürülməsi isə bu imkanların daha geniş təşkilati məsuliyyətlə davam etdirilməsi deməkdir. Prezident İlham Əliyevin MDB-də Azərbaycanın həmsədrliyinə göstərilən dəstəyi yüksək etimadın göstəricisi kimi qiymətləndirməsi xüsusi diqqətə layiqdir".
Beynəlxalq təşkilatlarda dövlətə göstərilən etimad yalnız formal prosedur məsələsi olmadığını deyən Şahin Seyidzadə əlavə edib ki, bu, eyni zamanda həmin ölkənin diplomatik təcrübəsinin, tərəfdaşlıq münasibətlərinin, təşkilati imkanlarının və ortaq məqsədlərin həyata keçirilməsində iştirak iradəsinin nəzərə alınması ilə bağlıdır:
"Azərbaycan müstəqillik dövründə xarici siyasətini milli maraqların qorunması, suverenliyin möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin inkişafı və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi prinsipləri əsasında formalaşdırmışdır. Ölkəmiz müxtəlif beynəlxalq və regional platformalarda iştirak etməklə qarşılıqlı faydalı münasibətlərin qurulmasına, iqtisadi tərəfdaşlığın genişlənməsinə və siyasi dialoqun inkişafına töhfə verməyə çalışır. Azərbaycanın geostrateji mövqeyi bu siyasətin həyata keçirilməsində mühüm amillərdən biridir".
O bildirib ki, MDB-də qarşıdakı illərdə üzərinə götürəcəyi məsuliyyət Azərbaycan üçün mövcud imkanları daha da inkişaf etdirmək, tərəfdaş dövlətlərlə əlaqələri genişləndirmək və ortaq maraqlara əsaslanan təşəbbüsləri təşviq etmək baxımından əlverişli platformadır:
"Bununla yanaşı, həmsədrlik və sədrliyin əhəmiyyəti yalnız ölkənin beynəlxalq nüfuzunun artması ilə ölçülməməlidir. Əsas məsələ bu diplomatik imkanlardan konkret əməkdaşlıq nəticələrinin əldə olunması üçün istifadə etməkdir. İqtisadi münasibətlərin genişləndirilməsi, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, humanitar mübadilənin gücləndirilməsi və dövlətlərarası dialoqun davamlılığının təmin edilməsi bu istiqamətdə diqqət yetirilə biləcək əsas məsələlərdəndir".
Deputat vurğulayıb ki, MDB-də 2027-ci ildə həmsədrlik və 2028-ci ildə sədrlik Azərbaycanın çoxtərəfli diplomatiyasının inkişafı, regional əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
"Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində səsləndirdiyi mövqe Azərbaycanın bu məsuliyyətə hazır olduğunu və təşkilat çərçivəsində ortaq vəzifələrin həyata keçirilməsinə fəal töhfə vermək niyyətini aydın şəkildə nümayiş etdirir. Həmsədrlik mexanizmi 2027-ci ildə institusional davamlılığın qorunmasına, əməkdaşlıq gündəliyinin hazırlanmasında iştirakın genişləndirilməsinə və növbəti mərhələyə hazırlığın gücləndirilməsinə imkan verəcəkdir. 2028-ci ildə sədrliyin həyata keçirilməsi isə Azərbaycanın bu prosesdə daha geniş koordinasiya məsuliyyəti daşımasını və təşkilatın fəaliyyətinin müxtəlif istiqamətlərinə töhfə verməsini nəzərdə tutur. 2028-ci ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasının Azərbaycanda keçirilməsi də bu prosesin mühüm siyasi və təşkilati mərhələsi olacaqdır", - deyə o bildirib.
Oxşar xəbərlər
Şahbaz Şərif "ASAN xidmət"in Pakistanın bölgələrində tətbiqinə Azərbaycandan dəstək istəyib
Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın "ASAN xidmət" modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildir...