İran-Azərbaycan münasibətlərində "Qordi düyünü": "Hüseyniyyun" indi də qadınları önə verir!

Azərbaycanla qonşu, onunla eyni məzhəbi bölüşən İran İslam Respublikası arasında müxtəlif dövrlərdə ciddi gərginliklər müşahidə olunsa da, 2024-cü il mayın 19-da Araz çayı üzərindəki körpüdə Azərbaycan Prezidenti İlham Əliyevlə İranın mərhum prezidenti İbrahim Rəisi arasında keçirilən görüşdən sonra münasibətlərdə yumşalmaya doğru sürətli dönüş başlayıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, buna baxmayaraq, hazırda ikitərəfli münasibətləri gərginləşdirməyə çalışan, törətdiyi müxtəlif cinayətlərdən yaxa qurtarmaq üçün qaçıb İran ərazisinə gedən azərbaycanlılardan təşkil edilmiş və uzun müddət Azərbaycana qarşı ideoloji diversiya, informasiya-təbliğat işlərində İran xüsusi xidmət qurumları tərəfindən istifadə olunan "Hüseyniyyun" adlı təşkilat var.
Birbaşa Azərbaycan dövlətinin konstitusion quruluşunun dəyişdirilməsini hədəf alan bu təşkilatın elan olunan əsas məqsədlərindən biri ölkədə eynilə İrandakı kimi "İslam inqilabı"nın həyata keçirilməsi, şiəçilik çətiri altında İran siyasətinin təbliği və bu siyasətə əsaslanan şəriət dövlətinin qurulmasıdır.
Əslən Lənkəran rayonundan olan Tohid İbrahimbəylinin rəhbərlik etdiyi bu dəstənin Azərbaycanda dövlət əleyhinə, hətta silahlı çıxışların təşkilinədək gedib çıxan çox sayda cinayət əməli tam sübuta yetirilsə də, rəsmən beynəlxalq axtarışa verilmələrinə baxmayaraq, İran tərəfi hələ də müxtəlif bəhanələrlə onları Azərbaycana təhvil verməkdən yayınır.
Yalnız 2023-cü ilin aprelində İranın İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi (ETTELAT) tərəfindən müvəqqəti saxlanılsalar da, yayılan məlumata görə, məhz SEPAH-ın açıq müdaxiləsi ilə sərbəst buraxılıblar və hələ də İran ərazisində bilinməyən bir status altında yaşayırlar.
İran tərəfi "Hüseyniyyun"un bu ölkədə təhsil alan tələbə azərbaycanlıların özlərinin yaratdığı humanitar ictimai təşkilat olduğunu və İran dövləti ilə hər hansı əlaqələrinin olmadığını iddia etsə də, Azərbaycan-İran münasibətlərinin gərginlik tempinə uyğun olaraq "Hüseyniyyun"un gah aktivləşdirilməsi, gah geri çəkilməsi, rəhbər şəxslərinin SEPAH-ın xüsusi nəzarəti altında qorunması, onlara şiəçilik çətiri altında İran təbliğatının aparılması üçün hər cür şəraitin yaradılması, eləcə də Azərbaycandakı təxribatçı-pozucu fəaliyyətlərinə dair çoxlu təkzibedilməz sübut bu təşkilatın açıq şəkildə İran dövləti tərəfindən himayə və idarə olunduqlarını ortaya qoyur...
Bibiheybətdəki təxribatın izi ilə: "Hüseyniyyun" indi də qadınları önə verir!
Azərbaycanda qurmaq istədikləri şəbəkənin təmsilçilərinin böyük əksəriyyəti vaxtaşırı hüquq-mühafizə orqanları tərəfindən deşifrə edilərək çökdürüldüyündən, son vaxtlar "Hüseyniyyun" yeni taktikaya əl atıb: inanclı qadınlardan istifadəyə!
Elə bu yaxınlarda - bu il iyulun 6-da Bibiheybət məscidində keçirilən aşura mərasimi zamanı Şəhla Yədulla qızı Fərəcovanın təşkilatçılığı ilə bir qrup niqablı qadının qəfildən dini şüarlar yazılmış bayraqlar qaldıraraq, Azərbaycan polisi ilə süni qarşıdurma, toqquşma yaratmaq və bunun çəkilişini apararaq, sosial şəbəkələrdə yaymaq cəhdlərinin arxasından da məhz "Hüseyniyyun"un əli çıxıb.
Daha təfsilatlı desək, hüquq-mühafizə orqanlarımız ilkin araşdırmalar zamanı müəyyən edib ki, əslən Lerik rayonundan olan, Lənkəran rayonunun Tütəpeştə kəndində qeydiyyatda olan, hazırda Binə qəsəbəsində yaşayan Şəhla Fərəcova İranın Məşhəd şəhərində məskunlaşmış Tohid İbrahimbəylinin anası Südabə İbrahimbəyli ilə davamlı şəkildə əlaqə saxlayaraq, ondan dindar qadınlardan ibarət şəbəkə yaradılması, onların təşkilatlandırılması və dini mərasimlərin keçirilməsində fəallıq göstərmələri barədə tapşırıqlar alıb.
Tapşırığın əsas məzmunu belə olub ki, qadın və hicab mövzusu İslamda daim diqqətdə olan, cəmiyyətin olduqca həssas, Azərbaycan hakimiyyətinin isə ehtiyatla, dözümlə yanaşdığı mövzular sırasındadır və bu səbəbdən qadınların həm öz haqları, həm də dini dəyərlərin qorunması üçün ictimai fəallıqları mütləq artırılmalı, sosial şəbəkələrdə fəaliyyətləri daha da genişləndirilməli, hakimiyyətə qarşı mübarizədə isə İmam Hüseynin bacısı Həzrəti Zeynəbdən örnək alınmalıdır.
Sonuncu dəfə 2023-cü ilin avqustunda İrana gedərək, Tohid İbrahimbəylinin anası ilə görüşən Ş.Fərəcova ilə bağlı aparılan araşdırmalar zamanı o da üzə çıxıb ki, o, təkcə Südabə İbrahimbəyli ilə deyil, eyni zamanda, beynəlxalq axtarışda olan Rufulla Axundzadə ilə də müntəzəm əlaqə saxlayır, onun fəaliyyətinə dəstək verir.
Məhz hər iki şəxsin - Südabə İbrahimbəylinin və Rufulla Axundzadənin mənəvi dəstəyindən və yönləndirməsindən daha da ilhamlanan Ş.Fərəcova ətrafına dindar, əksəriyyəti təhsilsiz qadınları və azyaşlıları toplayaraq, həm yaşadığı Binə qəsəbəsində divarlara dini şüarlar yazmağa başlayıb, sakinləri açıq şəkildə İran dövlətinə meylləndirməyə çalışıb, polis tərəfindən müdaxilə edildikdə isə, guya, təzyiqlərə məruz qalması, döyülməsi, evindən qovulması haqda böhtan xarakterli məlumatları öz sosial şəbəkə hesabları üzərindən davamlı şəkildə ictimailəşdirərək, kütləvi etiraz aksiyaları keçirməyə çağırışlar edib.
Hazırda məsələnin mahiyyətindən, arxasında duran əsil həqiqətlərdən xəbərsiz və dini mövzulara həssas təbəqə arasında onun, guya, zülmə məruz qaldığı barədə səs yazıları aramsız olaraq yayılır ki, bu səsyazılarında da əhali polisə, dövlət məmurlarına qarşı etirazlara, onların qanuni tələblərinə açıq müqavimətə çağırılır.
Hüquq-mühafizə orqanları onu da müəyyən ediblər ki, Ş.Fərəcovanın bu səsyazılarının hazırlanması və yayılması da öz iradəsi daxilində baş verməyib, məhz kənar şəxslərin birbaşa yardımı və təlimatı ilə həyata keçirilib.
Qeyd edək ki, ötən il "Ərbəin" (imamın qırxı) yürüşünə qatılan Ş.Fərəcova İraq ərazisində də məhz azərbaycanlı zəvvarların yox, "Hüseyniyyun" təşkilatının quraşdırdığı çadırda qalmağa üstünlük verərək, burada təşkilatın üzvləri ilə görüşməyə müvəffəq olub, onlardan dini bayraqlar alaraq, ölkəyə gətirib.
Dini mərasimlər, əlamətdar günlər zamanı isə həmin bayraqları qaldırdığına, yaşadığı evin divarlarına, digər ictimai yerlərə dini şüarlar yazdığına və fotoşəkillər yapışdırdığına görə ona dəfələrlə polis orqanları tərəfindən xəbərdarlıqlar da edilib. Ancaq Ş.Fərəcova bu çağırışlara məhəl qoymayaraq, polisin və digər icra strukturlarının xəbərdarlığına siyasi məzmun verməyə çalışıb, qanunun tələblərini "dinin, şiəliyin sıxışdırılması" kimi qələmə verərək, sosial şəbəkələrdə hay-küy salıb.
21 nəfərlik qadın taboru: Onlar niyə İran siyasətini dəstəkləməyə sövq edilirlər?
Ən mühüm detallardan biri isə Ş.Fərəcovanın başına topladığı dindar qadınları mütəşəkkil dəstə halında idarə etməsi, fəaliyyətlərinə yön verməsi və siyasiləşdirməyə çalışması, onlardan müxtəlif məqsədlərlə maliyyə toplanışında istifadə etməsi, eyni zamanda, bu qadınların iştirakı ilə keçirilən bütün dini mərasim və tədbirlərin çəkilişini apararaq, məhz İrana - Tohid İbrahimbəylinin anasına göndərməsidir.
Təşkil etdiyi dini mərasimlərdəki çıxışlarında mövzunu dərhal siyasətə gətirən, hər fürsətdə Azərbaycan Respublikasının dövlət hakimiyyətini "Tağut rejimi" adlandıran Ş.Fərəcova dini dəyərlərimizdən daha çox, İran siyasətinin, İranın dini və hərbi-siyasi elitasına daxil olan şəxslərin müdafiəsinə və təbliğinə həsr olunmuş məzmunlara üstünlük verir, bunu istifadəsində olan sosial şəbəkə hesablarından yayır, eyni zamanda, təxminən, 500 nəfəri əhatə edən "WhatsApp" qrupunda təşkilatlandırdığı qadınları da məhz siyasi məzmunlu paylaşımlar etməyə, ölkə rəhbərliyi haqqında qeyri-etik məzmunlu çağırışları, foto və videoları yaymağa yönləndirir.
Ən təhlükəlisi də odur ki, Ş.Fərəcovanın başına topladığı qadınlarla keçirdiyi mərasim və tədbirlərə onların azyaşlı, yetkinlik yaşına çatmayan uşaqları da cəlb edilirlər və bu, artıq ənənə halını almaqdadır.
Faktiki olaraq, hazırda Ş.Fərəcovanın ətrafına topladığı, birgə hərəkət etdiyi 21 nəfərdən ibarət qadınlar dəstəsi və onların azyaşlı övladları İran xüsusi xidmət orqanlarının cəlbetməsi üçün potensial hədəflər sayılırlar və Azərbaycan dövləti təcili prosesə müdaxilə edərək, bu qadınları və onların azyaşlı övladlarını kənar təsir altına düşməkdən xilas etməlidir!
Hələlik Ş.Fərəcovanın rəhbərlik etdiyi qadın taboruna daxil olan 21 nəfərin adlı siyahısını dərc edərək, onları bilərəkdən və bilməyərəkdən cəlb edildikləri bu işlərdən uzaq durmağa çağırırıq:
1. Arzu Oqtay qızı Hüseynova;
2. Nigar Səməndər qızı Bağırova;
3. Xoşqədəm Məmmədmirzə qızı Quliyeva;
4. Gülşən Qoşqar qızı Abbasova;
5. Şərqiyyə Habil qızı Sadıqova;
6. Sitarə Oruc qızı Hüseynova;
7. Ruqiyyə Həzərxan qızı Nəsirova;
8. Sevil İmran qızı Zeynalova;
9. Venera İsrayıl qızı Quliyeva;
10. Yeganə Bayram qızı Nağıyeva;
11. Nailə Ağaməmməd qızı Babayeva;
12. Nailə Tələt qızı Məmmədova;
13. Şölə Salam qızı Cəfərova;
14. Nərgizxanım Məmmədağa qızı Məmmədova;
15. Raidə Səfərəli qızı Mirzəyeva;
16. Anaxanım Niftulla qızı Məmmədli;
17. Elduzə Həmid qızı Cəfərova;
18. Fatma Həmid qızı Məmmədova;
19. Məhfuzə Sudef qızı Museyibova;
20. İradə Kərim qızı Əzizova;
21. Afət Mehdi qızı Süleymanova.
Ümid edirik, siyahıda adları olan xanımların yaxınları bu xəbərdarlıqlarımızdan sonra həssas davranaraq, dövlətimizlə birgə hərəkət edəcək, öz doğmalarının din pərdəsi altında gizlənmiş hansısa cinayətkar şəbəkənin qurbanlarına çevrilməsinə imkan verməyəcəklər!
Qalereya
Oxşar xəbərlər
Rusiyadan Paşinyanı devirmək planları
"Rusiyanın Cənubi Qafqazdakı hərbi strategiyasında həyəcanlı dəyişikliklər baş verir". BAKU.WS xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımla...