Hakan Fidana qarşı sui-qəsd cəhdi ilə bağlı yeni detallar: 2 il müalicə alıb
Türkiyənin Xarici işlər naziri Hakan Fidanın bir televiziya proqramında 4-5 il əvvəl ona qarşı sui-qəsd cəhdi olduğunu açıqlaması böyük rezonansa səbəb olub. Nazir bildirib ki, o, arsenik və civə ilə ağır şəkildə zəhərlənib, uzunmüddətli müalicə prosesi keçib.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, yeni ortaya çıxan məlumatlara görə, zəhərlənmə hadisəsi ölkə xaricində baş verib və Hakan Fidan təxminən 2 il davam edən müalicə prosesi ilə bu təhlükəni dəf edib.
Canlı yayımda danışan Fidan hadisənin baş verdiyi anı belə xatırladıb: "Ağır arsen və civə verildi. Sonra analizlərdə ortaya çıxdı. Bu məsələni indiyə qədər gündəmə gətirməmişdim. Zəhərlənmə çox ciddi bir cəhd idi", – deyə nazir bildirib.
Sui-qəsdi kimin təşkil etdiyinə dair suala cavab verməkdən çəkinən Fidan, "O detallara girməyək. Bu, xaricdə olan məsələlərdir. Sadəcə daxildə yox, hər yerdə düşmən var", – deyə qeyd edib.
Bu cür hücumların onu fəaliyyətindən çəkindirmədiyini vurğulayan nazir bildirib: "Onsuz da bu vətəni qorumaq üçün varıq. Sizə həm xarakter, həm də fiziki sui-qəsd edəcəklər".
Mövzuyla bağlı köşə yazarı Yahya Bostan da bəzi detalları açıqlayıb. Onun sözlərinə görə, sui-qəsd cəhdi 2020 və ya 2021-ci ildə baş verib. Hadisənin civə buxarı vasitəsilə həyata keçirildiyi düşünülür. Fidanın 2 il müalicə aldığı və təhlükənin aradan qaldırıldığı bildirilir.
Yahya Bostan yazısında həmin dövrdə Türkiyənin sərt siyasi proseslərdən keçdiyini – Şərqi Aralıqda gərginliklər, Liviyaya müdaxilə, Qarabağda Türkiyənin dəstəyi, Suriya və İraqda antiterror əməliyyatlarının aparıldığını xatırladıb. O qeyd edib ki, həmin vaxt Ankaradakı qərarverici şəxslər hədəfə alınmışdı.
Başqa yüksək vəzifəli şəxslərə qarşı oxşar sui-qəsd cəhdlərinin olub-olmadığı isə açıqlanmayıb.
Oxşar xəbərlər
Azovda hücuma məruz qalmış gəmilərdəki 19 Azərbaycan vətəndaşı ölkəyə yola salınıb
Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəyə yola salınıb. BAKU.WS xəbər verir ki, b...