İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
GUAM-ın baş katibi Altay Əfəndiyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM-ın Beynəlxalq Katibliyi adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası dinamik, mütərəqqi yolla irəliləməkdə davam edir, ölkənin müstəqilliyi, suverenliyi daha da möhkəmlənir, xalqın arzu və istəkləri gerçəkləşir.
Ənənəyə uyğun olaraq, bu il də Müstəqillik Günü həm sosial-iqtisadi inkişaf istiqamətində, həm də regional və qlobal məsələlərdə yeni mühüm nailiyyətlərlə qeyd olunur.
Azərbaycan Silahlı Qüvvələrinin şanlı Qələbəsindən sonra azad edilmiş torpaqların bərpası və yenidən qurulması prosesi uğurla və sürətlə davam edir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı ilə bağlı Proqram Qarabağ bölgəsinin dirçəlişinə, yenilənməsinə, eləcə də ölkə iqtisadiyyatına inteqrasiyasına töhfə verir.
Bu gün dinamik və inkişaf edən iqtisadiyyatı ilə Azərbaycan əsas layihələr, təşəbbüslər irəli sürməklə və həyata keçirməklə regional tərəqqi, beynəlxalq əməkdaşlıq üçün hərəkətverici qüvvə kimi çıxış etməkdə davam edir.
Azərbaycan, həmçinin böyük nüfuz və təsir gücünə malik mühüm regional və beynəlxalq aktora çevrilir, Qoşulmama Hərəkatı, COP və digər beynəlxalq platformalar kimi qlobal təşkilatlarda və təşəbbüslərdə liderlik yolu ilə sülhü, təhlükəsizliyi və dialoqu müdafiə edir. Bu yaxınlarda ölkənin ev sahibliyi etdiyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası bunun daha bir sübutudur. Beynəlxalq münasibətlər sistemindəki böhran dövrlərində, beynəlxalq hüququn prinsiplərinin pozulduğu bir vaxtda Azərbaycan nümunə göstərərək bütün millətlər üçün dinc yanaşı yaşamağın müəyyən edilmiş norma və prinsiplərinə əsaslanan ədalətli bir dünyanı müdafiə edir.
Ermənistanla sülhün əldə edilməsi istiqamətində atılan addımlar Azərbaycanın regional sülhün və əməkdaşlığın bərqərar olmasına sadiqliyini nümayiş etdirir və bu, təqdirlə qarşılanır. Xüsusilə Ermənistanla ədalətli və davamlı sülhün əldə olunmasında Sizin şəxsi iştirakınızı və səylərinizi yüksək qiymətləndiririk. Bu məqsədə çatmaqda Sizə uğurlar arzulayırıq.
Zati-aliləri, bu il 20-ci ildönümünü qeyd etdiyimiz GUAM-ın təsisçi üzvü kimi Azərbaycanın fəal və konstruktiv rolunu yüksək qiymətləndiririk. Biz GUAM-ın sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqi üçün nadir və səmərəli regional platforma olduğuna qətiyyətlə inanırıq. Son zamanlar baş verən dərin geosiyasi dəyişikliklər coğrafiyamızın Şərq ilə Qərb, Avropa ilə Asiya arasında təbii bir əlaqə kimi geostrateji əhəmiyyətini daha çox nümayiş etdirdi. Həmçinin təşkilatımızın üzv dövlətlərin və beynəlxalq ictimaiyyətin maraqları, rifahı naminə regionumuzun üstünlüklərindən və potensialından istifadə etmək gücündə olduğuna inanırıq.
Müstəqilliyi daha da gücləndirəcək və xalqlarımızın rifahını artıracaq ortaq təşəbbüslərimizi, layihələrimizi həyata keçirməkdə Azərbaycan Respublikası ilə əməkdaşlığımızı dərinləşdirməyi səbirsizliklə gözləyirik.
Hörmətli cənab Prezident, bu əlamətdar bayram münasibətilə Sizə ölkənin daha da inkişaf etdirilməsi, müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi ilə bağlı səylərinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına davamlı sülh, tərəqqi və firavanlıq arzulayırıq".
***17:29
Kambocanın Kralı Norodom Sihamoni Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, Sizə cansağlığı, şəxsi rifah, xalqınıza isə tərəqqi və firavanlıqla bağlı ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.
Mən Kamboca Krallığı ilə Azərbaycan Respublikası arasında mehriban dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Əminəm ki, bu əlaqələr qarşıdakı illərdə ölkələrimizin və xalqlarımızın qarşılıqlı faydası naminə daha da inkişaf edəcək.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Öz növbəsində Monteneqronun Prezidenti Yakov Milatoviç də Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirirəm. Ölkənizə və dost Azərbaycan xalqına davamlı tərəqqi, rifah və firavanlıq arzulayıram.
Monteneqro və Azərbaycan Respublikası arasında qarşılıqlı hörmət, etimad və anlaşma əsasında qurulmuş ənənəvi dostluq münasibətlərinin inkişaf etdiyini vurğulamaqdan xüsusi məmnunluq duyuram. Ölkələrimiz ortaq maraq doğuran bir sıra sahələrdə çox yaxşı əməkdaşlıq qurub və inkişaf etdirib. Əminəm ki, birgə səylərimiz sayəsində xalqlarımızın qarşılıqlı rifahı naminə bu əlaqələri daha da inkişaf etdirməyə və dərinləşdirməyə davam edəcəyik. Həmçinin inanıram ki, Monteneqro ilə Azərbaycan Respublikası arasındakı tərəfdaşlıq və dostluq münasibətləri konstruktiv əməkdaşlığın və səmimi ikitərəfli münasibətlərin nümunəsi olaraq daha da möhkəmlənəcək.
Bu ilin sonunda ölkənizə rəsmi səfər etməyi səbirsizliklə gözləyirəm. Bu səfər zamanı birbaşa ünsiyyət vasitəsilə dövlətlərarası münasibətlərimizin inkişafı üçün gələcək istiqamətlər barədə fikir mübadiləsi apara bilərik.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident.
İcazə verin, Sizi və bütün xalqınızı Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edim. Sizə və ölkənizə davamlı rifah, sülh və təhlükəsizlik arzulayıram.
Litva ilə Azərbaycanı uzunmüddətli dostluq münasibətləri birləşdirir. Qarşılıqlı faydalı sahələrdə ikitərəfli dialoqumuzu ardıcıl şəkildə gücləndirməyə sadiqik. Əminəm ki, siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da inkişaf etdirilməsi ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirəcək və xalqlarımıza fayda verəcək.
Qəti şəkildə inanıram ki, ortaq tarixi təcrübələrlə, suverenliyə və azadlığa birgə hörmətlə çoxtərəfli səviyyədə uğurlu əməkdaşlığımızı davam etdirəcəyik. Şübhəsiz ki, Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı etimada və konstruktiv tərəfdaşlığa əsaslanan dialoq daha da güclənəcək və xalqlarımızın rifahına töhfə verəcək.
Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərdə müsbət dinamika dialoqa və sülhə möhkəm sadiqliyinizi nümayiş etdirir. Bu prosesin davam etdirilməsi Cənubi Qafqaz regionunun təhlükəsizliyi və rifahı ilə yanaşı, regionun hüdudlarından kənarda sülhə də mühüm töhfə verir.
Cənab Prezident, milli bayramınız münasibətilə Sizi və xalqınızı bir daha təbrik edirəm. Ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Esvatini Krallığının Baş naziri Rassel Mmiso Dlamini də İlham Əliyevə məktub ünvanlayıb.
Təbrik məktubunda deyilir:
"Zati-aliləri.
Əlahəzrət Kral III Msvati, Kraliça Ana, Esvatini Krallığının Hökuməti və xalqı adından Azərbaycan Respublikanın Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırıram.
Esvatini Krallığı Azərbaycanın inkişaf yolunda əldə etdiyi irəliləyişi, beynəlxalq miqyasda mövqeyini, xalqın iradəsini, mətanətini təqdir edir.
Zati-aliləri, Sizin rəhbərliyinizlə Azərbaycan getdikcə daha da artan, qlobal əhəmiyyətə malik mövqeyə yüksəlmişdir və xalqınızın öz ölkəsinin nailiyyətləri ilə fəxr etmək üçün hər bir əsası vardır. Esvatini Krallığı ölkələrimiz arasında mövcud olan çox səmimi dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir və xalqlarımızın rifahı naminə qarşıdakı illərdə bu münasibətləri daha da möhkəmləndirmək niyyətindədir.
Bu əlamətdar bayram münasibətilə Zati-alinizə möhkəm cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh və rifah diləyirəm".
***12:35
Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Sinqapur xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Ölkənizə davamlı sülh, tərəqqi və rifah arzu edirəm".
***12:14
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Milli günlər ölkələrin keçdiyi yolu, beynəlxalq ictimaiyyətə verdiyi töhfələri və gələcəyini istiqamətləndirən arzuları dəyərləndirmək üçün mühüm fürsətdir. Eyni zamanda, onlar qlobal çağırışların həllində dialoqun və həmrəyliyin əhəmiyyətini bizə xatırladır.
Bu gün dünya təxirəsalınmaz sınaqlarla - müharibələrin sona çatdırılması və yenilərinin qarşısının alınması, iqlim böhranı ilə mübarizə, bərabərsizliklərin azaldılması və güclü texnologiyaların məsuliyyətlə yönləndirilməsi ilə üz-üzədir. Bu və digər çağırışların həlli sülhün, təhlükəsizliyin təmin olunması, Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsi və insan hüquqlarının qorunması naminə yenilənmiş əməkdaşlığa, çoxtərəfli tərəfdaşlığa sadiqlik tələb edir.
Bu əlamətdar gün münasibətilə bir daha Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Oxşar xəbərlər
"Minval Politika": "Koçaryan Bakıya məlumat sızdırdı və 100-ə yaxın erməni əsgərini məhv etdi"
Ermənistanda seçkiqabağı cəhənnəm yaşanır. Əllərində avtomat silahlar olan maskalı şəxslər artıq Nikol Paşinyanı açıq şəkildə ölümlə hədələyirlər. BAKU.WS Oxu.A...