Ayxan Hacızadə: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şərh edilməsinə son qoyulmalıdır
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə Azərbaycan Xarici İşlər Nazirliyi münasibət bildirib.
BAKU.WS xəbər verir ki, XİN-in mətbuat katibi Ayxan Hacızadə Zaxarovanın açıqlamalarının reallığı əks etdirmədiyini və tarixi faktların təhrif edildiyini bildirib.
O qeyd edib ki, Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən hər zaman Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Bu baxımdan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mexanizmlərinin vaxtilə Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərinə tətbiq olunmasının mümkünlüyü barədə iddialar əsassızdır.
Ayxan Hacızadənin sözlərinə görə, bu məsələnin Qarabağın Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi həm Rusiyanın indiyədək bəyan etdiyi rəsmi mövqeyə ziddir, həm də hüquqi əsasdan məhrumdur.
XİN rəsmisi vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquqa uyğun şəkildə bərpa edib və bununla da keçmiş münaqişəyə son qoyulub.
O, həmçinin Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqələndirilərək şərh edilməsinin yolverilməz olduğunu qeyd edib.
Xatırladaq ki, Mariya Zaxarova iyulun 27-də "Qvardeysk" gənclər forumunda çıxışı zamanı Ermənistanın vaxtilə KTMT mexanizmlərinin tətbiqini tələb etdiyini, lakin Qarabağın Ermənistan tərəfindən nə öz ərazisi, nə də müstəqil qurum kimi tanınmadığı üçün bu mexanizmlərin işə salınmasının mümkün olmadığını bildirmişdi.
Oxşar xəbərlər
Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İyulun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. BAKU.WS Prezidentin Mətbuat Xidməti...