“Ötən gecə Tovuz istiqamətində gedən döyüşlərdə şəhid düşən oğullarımızın ailələrinə başsağlığı verirəm. Ata, qardaş, övlad itkisi ağır dərddir, amma torpaqlarımızı işğaldan azad etmək istəyiriksə, çətin də olsa, bu ağrılara dözməliyik”.

Bunu Oxu.Az-a deputat Elman Məmmədov iyulun 13-nə keçən gecə Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərlə bağlı danışarkən deyib.

O bildirib ki, Ermənistan bununla özünün növbəti məkrli hiyləsini həyata keçirmək istədi, lakin yenə də istədikləri təxribat baş tutmadı:

“Tovuz istiqamətində gedən döyüşlərdə bizim ordumuz dörd şəhid verdi. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Lakin düşmən tərəfin də itkisi az olmadı. Döyüş, müharibə tarixən belə olub. Torpaqlarımızı müdafiə etmək istəyiriksə, itkilər qaçılmazdır.

Allah şəhidlərimizə rəhmət eləsin. Ermənistanın budəfəki təxribat cəhdinin altında yatan hiylə başqa idi. Onlar Azərbaycan ordusunun nə dərəcədə güclü olduğunu bilir. Çox yaxşı bilirlər ki, bizim ordumuzun qarşısında tab gətirə biləcək orduya sahib deyillər. Ancaq təxribatla məşğuldurlar.

Həmişə olduğu kimi, bu dəfə də məqsədləri beynəlxalq təşkilatların nəzərini bu söhbətə çəkmək idi. Xüsusilə də üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının diqqətini bu məsələyə çəkib Azərbaycanın Ermənistan ərazisinə təhlükə törətdiyinə dair mənzərə yaratmaqdır.

Çünki həmin təşkilatın nizamnaməsində belə bir bənd var ki, bu təşkilat üzvlərindən hər hansı birinin ərazisinə təhlükə olarsa, o biri dövlətlər ona kömək etməlidir. Ermənilərin hiyləsi budur”.

E.Məmmədov onu da əlavə edib ki, o təşkilatın üzvlərinə nəzər salanda yaradıcısının Rusiya tərəfi olduğunu görürük:

“Onlar bu işə Moskvanı da cəlb etməyə çalışırlar. Ermənistan-Azərbaycan münaqişəsinə Rusiyanı cəlb edib, Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etdiyini iddia edirlər. Həqiqət isə belə deyil. Azərbaycanın məqsədi birdir: 30 ilə yaxındır, Ermənistanın işğal altında saxladığı əzəli, əbədi torpaqlarını geri almaq. Ermənistanın bir qarış torpağında bizim gözümüz yoxdur.

Halbuki tarix də bunu sübut edib ki, Ermənistan dövlətinin mövcud olduğu bütün ərazi Azərbaycan xalqına məxsus, tarixi torpaqlardır. Bütün bunlara rəğmən, yenidən hiyləyə əl atdılar və lazımi cavablarını aldılar.

Tovuz istiqamətində gedən döyüşlərdə Ermənistan tərəfi 10-dan çox itki verdi. Azərbaycanın verdiyi dörd şəhidə qarşı onların onlarla əsgəri, hərbi texnikaları, məntəqələri məhv edildi”.

BAKU.WS