SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev Səmədov Qoca Çərkəz oğlunu Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Xanbabayev Şəmsəddin Hüseynqulu oğlunu isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.

BAKU.WS
xəbər verir ki, icra başçısı vəzifəsindən azad edilən məmurların yaşları 80 və 60 yaşları olub. 

Səmədov Qoca Çərkəz oğlu
Səmədov Qoca Çərkəz oğlu 13 oktyabr 1959-cu ildə Yevlax şəhərində anadan olmuşdur. 1966-1976-ci illərdə M.Ə.Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil almışdır. 1976-1977–ci illərdə Yevlax şəhər 7№-li Səyyar Mexanikləşmiş dəstədə və Azərittifaqın Yevlax tədarük bazasında fəhlə işləmişdir. 1977-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialına daxil olmuş, 1982-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirərək mühəndis–texnoloq ixtisasına yiyələnmişdir.

1982-ci ildə Şəki şəhəri İpək kombinatında sahə ustası kimi əmək fəaliyyətinə başlamışdır. 1982-1984-cü illərdə ordu sıralarında xidmət etmişdir. 1985-1996-cı illərdə Azərittifaqın Yevlax tədarük bazasında tədarükçü, 1996-2004–cü illərdə Yevlax rayonundakı "Qafqaz" Kooperativinin sədri işləmişdir.

2004-2005–ci illərdə Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsinin rəisi vəzifəsində çalışmışdır. 2005-2006–cı illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006-2011–ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli 1345 saylı Sərəncamı ilə Yevlax şəhər İcra Hakmiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu.

2019-cu il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

2004 –cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir. 2 övladı var.

Xanbabayev Şəmsəddin Hüseynqulu oğlu
Şəmsəddin Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirmişdir. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirmişdir.

Əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlamışdır. 1965-ci ilədək II dərəcəli dəzgahçı, yığma sexinin ustası işləmişdir. 2 il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olmuşdur. 1967-ci ildən Abşeron Rayon Təmir-tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

30 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni, 04 aprel 2014-cü il tarixli sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunmuşdur.

Ailəlidir, iki övladı var.
BAKU.WS