İyunun 23-də İstanbul Böyükşəhər bələdiyyəsi sədri vəzifəsinə keçirilən təkrar səsvermə ilə bağlı ilkin nəticələrə əsasən namizəd Əkrəm İmamoğlu səsvermədə iştirak edənlərin təxminən 54 faizinin etimadını qazanıb.

BAKU.WS xəbər verir ki, əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq Baş nazir və Türkiyə Böyük Millət Məclisinin əvvəlki sədri Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi, İstanbulun Bəylikdüzü bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu arasında olub.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçisi, “Cümhur ittifaqı”nın vahid namizədi Binəli Yıldırım KİV nümayəndələri qarşısında çıxış edərək hazırda Əkrəm İmamoğlunun ondan irəlidə olduğunu bildirərək rəqibinə təbriklərini çatdırıb və nəticələrin İstanbul üçün xeyirli olmasını arzu edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 23-də İstanbul Böyükşəhər bələdiyyəsi sədri vəzifəsinə keçirilən təkrar səsvermədə qeyri-rəsmi nəticələrinə görə qalib gələn Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi, “Milliyyət ittifaqı”nın vahid namizədi Əkrəm İmamoğlunu təbrik edib.

Dövlət başçısı təbrikini “Twitter” səhifəsi vasitəsilə çatdırıb. Nəticələrin İstanbul üçün uğurlu olmasını arzu edən Prezident qeyd edib ki, İstanbuldakı səsvermə milli iradənin təzahürüdür.

BAKU.WS