SİZİN REKLAM BURADA!
055 213 76 73



“Rusiya XİN rəsmisi əvvəlcə dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar formatının dəyişməsi qeyri-konstruktiv yanaşmadır. Bəzilərimiz bunu belə qələmə verdik ki, rusiyalı diplomat Ermənistanın baş naziri Nikol Paşinyanın “danışıqlarda Dağlıq Qarabağ təmsilçiləri də iştirak etməlidir” fikrinə etiraz edib.

Bəzilərimiz hətta çox uzağa gedərək, sevincək halda bunu Rusiya-Ermənistan qovğası kimi qiymətləndirməyə çalışdıq. Ancaq daha sonra Rusiyanın XİN-in saytında həmin rusiyalı diplomatın sözləri korrektə edildi”.

BAKU.WS xəbər verir ki, bu barədə tanınmış politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, əslində baş verənlər göründüyü kimi deyil.

“Bu bizim xoşumuza gəlmədi və dedik ki, “yox o belə deməmişdi, saytdakı xəbəri düzəldin!”. Həmin diplomatın nə deməsindən asılı olmayaraq onun rəhbəri işçisinin sözlərinə düzəliş verdi və Ermənistana işarə edə biləcək tənqidi fikirlər çıxarıldı. Son söz hər yerdə rəhbərindir”, - deyə politoloq bildirib.

E.Şahinoğlunun sözlərinə görə, həmin diplomat da rəhbərinin düzəlişinə etiraz etməyib:

“Bununla məsələyə nöqtə qoymaq olardı. Ancaq yenə tutmuşuq ki, “yox e sən birinci belə deməmişdin, xəbəri düzəldin”. Əşi düzəltmir, kefi belə istəyir.

Rusiya rəsmiləri və diplomatları Ermənistana dəstəkdən əl çəkmək istəmirlər, zorla bunu dəyişəsi deyilik ki?

Rusiya önəmli ölkədir və bölgəyə təsir imkanları böyükdür, ancaq bu o demək deyil ki, boynumuz bütün günü şimala doğru istiqamətlənərək bütün günü “görəsən indi nə deyəcəklər” sualı üzərində baş sındırmalıyıq”.

Ziya SƏCCAD
BAKU.WS