SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşüb.

XİN-dən BAKU.WS-ə verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Tacikistan arasında tarixi, mədəni və dini bağlılıqların iki ölkə arasındakı dost əlaqələrin əsasını təşkil etdiyini vurğulayıblar.

Görüşdə nazirlər son illərdə daha da artan tərəfdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün geniş potensialın olduğunu vurğulayıblar.

Azərbaycanın Mərkəzi Asiyanın qardaş və dost ölkələri ilə əlaqələrə böyük önəm verdiyi diqqətə çatdırılıb. Bir sıra çoxtərəfli tədbirlərlə yanaşı, Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə 14 sentyabr 2023-cü ildə ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşündə iştirakının əhəmiyyəti vurğulanıb.

C.Bayramov Azərbaycanın ortaq tarixi, dini və mədəni tellərlə bağlı olduğu Mərkəzi Asiya ölkələri ilə əlaqələri keyfiyyətcə yeni mərhələyə qaldırmaq niyyətində olduğunu bildirərək, iki ölkə arasında qarşılıqlı səfərlərin dinamikasında müşahidə edilən intensivliyin davam etdirilməsinin vacibliyini qeyd edib.

Görüş zamanı nazir beynəlxalq və regional təşkilatlarda əməkdaşlığın, eləcə də iki ölkə arasında ikitərəfli siyasi məsləhətləşmələrin davam etdirilməsi və inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından Azərbaycan ilə Tacikistan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyini qeyd ediblər.

Bununla yanaşı ticarət, sənaye, kənd təsərrüfatı, investisiya, İKT, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.

Görüş zamanı tərəflər qarşılıqlı turizm əlaqələrinin inkişaf etdirilməsi yollarının araşdırılması, hər iki ölkənin geniş turizm potensialını nəzərə alaraq, birgə turizm marşrutu, Orta Dəhliz üzrə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyini qeyd ediblər.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə məlumat verilib, bu çərçivədə əməkdaşlıq imkanları dəyərləndirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BAKU.WS
VİDEO