SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycanı gözü götürməyən düşmən qüvvələr həmişə olub, bu gün də var. Prezident İlham Əliyevin apardığı mükəmməl siyasət nəticəsində Azərbaycanın yüksək sürətlə inkişaf etməsi daxili və xarici düşmənlərimizi, anti-Azərbaycan qüvvələri hər zaman narahat edir.

Bu qüvvələr ölkəmizdə zaman-zaman xaos yaratmağa, müxtəlif yollarla təxribatlar törədib, ara qarışdırmağa cəhdlər etsələr də, buna nail ola bilməyiblər.

Bu gün Azərbaycan hər zaman olduğundan daha güclü, dünyanın gözü önündə durmadan inkişaf edən və daha böyük nüfuz sahibi olan hüquqi, demokratik, müstəqil ölkədir.

Ona görə də, bu gün daha böyük əminliklə demək olar ki, bundan sonra da Azərbaycanı gözü götürməyən qüvvələrin bədxah niyyətləri baş tutmayacaq və ölkəmizə qarşı qurduqları planlar iflasa uğrayacaq”.

Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Kamran Bayramov deyib.

Millət vəkili qeyd edib ki, ölkəmiz üçün bu kimi hallar, hər cür inkişafın əleyhinə olan qara qüvvələrin çeşidli təxribatlara əl atması yeni deyil. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini əldə etdiyi dövrdən indiyə qədər ötən vaxt ərzində zaman-zaman ölkəmizə qarşı xarici qüvvələrin müdaxilə cəhdləri olub:

“Xarici təhdidlərin və təhlükələrin nəticəsində 1993-cü ildə Azərbaycanın varlığı sual altında idi. Məhz, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu təhlükə aradan qaldırıldı və Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu. Azərbaycanın dünyada nüfuzu artdıqca bu, anti-Azərbaycan qüvvələr ölkəmizə qarşı məkrli niyyətlərini həyata keçirmək üçün müxtəlif planlar hazırlayırlar. Ən acınacaqlısı budur ki, onlar çirkin niyyətlərinə çatmaq üçün həmişə sapı özümüzdən olan alətlərdən, özünə “ziyalı”, “siyasətçi” adı qoyub xalqının, vətəninin maraqlarını asanlıqla öz maraqlarına dəyişməyə hazır olan, əqidəsini tez-tez dəyişən insanlardan istifadə edirlər”.

Qubad İbadoğlunun həbsinə münasibət bildirən deputat söyləyib ki, Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Türkiyə Respublikası Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı aparılan əməliyyatda həbs edilən beş nəfərdən biri, Q.İbadoğlu ilə əlaqəsinin olduğu haqqında ifadə verib:

“Biz onun peşə fəaliyyətinə nəzər salsaq, açıq şəkildə görərik ki, bu insan hər zaman şəxsi maraqlarını üstün tutub, öz maraqları naminə istənilən tərəflə əməkdaşlıq etməyə hazır olub. Qubad İbadoğlu vaxtilə AMİP-də təmsil olunub. Daha sonra o, uzun illər ərzində Müsavat Partiyasının Divan üzvü olub. Həmin partiyada liderlik ambisiyalarını təmin edə bilmədiyi üçün partiyadan uzaqlaşıb və ADR adlanan qeyri-legitim bir “siyasi köşk” yaradıb. Şəxsi maraqlar naminə partiyanı, silahdaşlarını və ideologiyanı rahat dəyişdirən siyasətçilər üçün sadiqlik ən sonuncu əxlaq meyarıdır”.

K.Bayramov əlavə edib ki, saxlanma zamanı onun evindən külli miqdarda saxta xarici valyuta çıxıb və buna uyğun olaraq, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Barəsində isə məhkəmənin qərarı ilə üç ay 26 günlük həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq gedir”.

Deputat K.Bayramov Q.İbadoğlunun həbsinə siyasi don geyindirməyə cəhd edənlərin yanlış yolda olduğunu dilə gətirib:

“Bu, yanlışdır. Qubad İbadoğlunun həbsi konkret cinayət tərkibi olan əməllə bağlıdır və istintaq da araşdırma aparır. İstintaq işi yekunlaşdırılmadan biz hər hansı başqa bir fikir yürüdə bilmərik. Azərbaycan hüquqi və demokratik ölkədir. Ölkəmizdə siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb. Kimsə siyasi baxışına görə nə təqib edilir, nə də təzyiqə məruz qalır. Əksinə, siyasi fəaliyyət üçün geniş imkanlar yaradılır. Bu, sadəcə ölkədə qarışıqlıq yaratmaq istəyən xarici qüvvələrin və onların daxildəki əlaltılarının məqsədyönlü şəkildə uydurduğu nağıllardır. Təəssüf ki, Azərbaycanın inkişaf etməsi düşmənləri rahat yatmağa qoymur. Amma Cənab Prezidentimizin apardığı uğurlu inkişaf siyasəti bir daha göstərir ki, düşmənlərimiz heç vaxt rahat yata bilməyəcəklər və bundan sonra da istənilən cəhdləri uğursuzluqla nəticələnəcək”.

BAKU.WS