SİZİN REKLAM BURADA!
055 213 76 73


Dekabrın 3-də Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyasının dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələri keçiriləcək.

COVİD-19 dünyada indiyə kimi 1.3 milyondan artıq insanın ölümünə, 54 milyon insanın isə bu xəstəlikdən əziyyət çəkməsinə səbəb olub. Rəqəmlər hər gün artır. Bu qlobal bəla, böhran ilə mübarizədə Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyası tarixi sessiyadır.

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində xüsusi sessiyanın açılış mərasimində ali heyətin tərkibində - 1-ci sıra 5-ci yerdə çıxış edəcək və 120 ölkənin pandemiya ilə bağlı əsas baxışlarını dünya ictimaiyyətinə çatdıracaq. Prezident İlham Əliyevdən əvvəl Baş Assambleyanın Prezidenti Volkan Bozkır, BMT-nin Baş katibi Antonio Quterres, İqtisadi və Sosial Şuranın Prezidenti Munir Əkrəm, Təhlükəsizlik Şurasının dekabr ayında fəaliyyətdə olan sədri Ceri Metyus Matcila çıxış edəcəklər.

Daha sonra cənab İlham Əliyev Azərbaycan Prezidenti kimi çıxış edəcək. Burada da cənab İlham Əliyev ilk 10-luqda olan dövlət başçıları sırasındadır - 155 ölkə arasında sayca 7-ci çıxışçıdır. Hər iki sıralama Azərbaycana dünyada olan böyük hörmət və etimadın nümunəsi, Prezident İlham Əliyevin şəxsi nüfuzunun beynəlxalq aləmdə göstəricisidir.

COVİD-19 BMT yaranandan bu vaxta kimi ən böyük qlobal səhiyyə, eyni zamanda humanitar, sosial-iqtisadi, təhlükəsizlik böhranıdır. 2020-ci ildə koronavirus pandemiyası bütün dünyada vəziyyəti dəyişdi. Pandemiya həmçinin beynəlxalq siyasətə, o cümlədən beynəlxalq tədbirlərin keçirilməsinə də təsirsiz ötüşmədi, bu sahədə böyük çətinliklər və maneələr yaradıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və təşəbbüsləri ilə ölkəmiz bu vəziyyətə çevik və adekvat reaksiya verdi. Türk Şurasının və Qoşulmama Hərəkatının aprel və may aylarında dövlət və hökumət başçıları səviyyəsində onlayn zirvə toplantıları keçirilib. Türk Şurasının zirvə görüşü dövlət və hökumət başçıları səviyyəsində onlayn formatda keçirilmiş ilk tədbir oldu. Bununla da Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atıb.

Qoşulmama Hərəkatının zirvə görüşündə Azərbaycan Prezidenti Covid-19 pandemiyası ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsi təklifi ilə çıxış edib. Dövlət başçısının bu təşəbbüsünə Qoşulmama Hərəkatının 120 üzv ölkəsi və daha sonra BMT-nin 150-dən çox üzv dövləti dəstək verdi. Bu, beynəlxalq aləmin Azərbaycana bəslədiyi hörmət və inamın növbəti parlaq təzahürü olub.

BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında pandemiyaya görə fiziki görüşlərin keçirilməsi mümkün olmadığı üçün Xüsusi Sessiyanın təşkil olunması ilə bağlı BMT-nin üzv dövlətləri arasında uzun müddət müzakirələr aparıldı və sonda onun 3-4 dekabr tarixlərində keçirilməsi haqda qərar qəbul edilib.

Xüsusi Sessiyada 40-dan çox ölkənin Prezident, 40-dan çox ölkənin isə Baş nazir səviyyəsində iştirakı bu tədbirin önəminin və uğurunun göstəricisidir. Beləliklə, 2-ci Dünya Müharibəsindən sonra müasir dövrümüzün ən böyük qlobal təhdidi hesab olunan Covid-19 pandemiyasına qarşı dünya miqyasında mübarizənin təmin edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü sayəsində mümkün olub. Bununla, Azərbaycan belə önəmli mövzuda qlobal liderliyi öz üzərinə götürdü. Bu isə Azərbaycanın “orta güc” olduğunu sübut edir. Bu, bir daha nümayiş etdirdi ki, ərazisi və əhalisi çox böyük olmayan ölkə qlobal səviyyədə necə nəhəng işlər görə bilər.

2020-ci il ildə Azərbaycan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi zəfər çaldı. Xüsusi Sessiyanın keçirilməsi Azərbaycan Prezidentinin 2020-ci ildə imza atdığı növbəti möhtəşəm qələbə olub. Təsadüfi deyil ki, Xüsusi Sessiyanın keçirilməsinə qarşı çıxmış yeganə ölkə Ermənistan oldu. Bütün dünyanın marağına xidmət edən bir təşəbbüsə qarşı çıxmaqla Ermənistan nəinki bir daha məğlub oldu, həmçinin beynəlxalq səviyyədə özünü rəzil etdi.

Ölkəmizdə bəzi müxalifət nümayəndələri ilk günlərdən Xüsusi Sessiyanın keçirilməsi təşəbbüsünə kinayə ilə yanaşır və onun əhəmiyyətini azaltmağa çalışırdılar. Diplomatiya və xarici siyasətdən, beynəlxalq təşkilatların iş prinsipindən xəbərsiz olan belə diletantlara ən yaxşı cavab isə Xüsusi Sessiyanın yüksək səviyyədə keçirilməsi və bu prosesdə Azərbaycanın mərkəzi rolunun tanınması olub.

BAKU.WS