SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu yaxınlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 18 ili tamam oldu. Bununla əlaqədar olaraq Baku.ws-in suallarını Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin  müdiri Cahandar Əlifzadə cavablandırıb.

- Cahandar müəllim, qurumun 18 illik fəaliyyətini necə dəyərləndirirsiz?

- Respublikada dövlət-din münasibətlərinin tənzimlənməsində, mövcud tolerantlıq mühitinin qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də çox böyük əməyi və rolu var.

Yarandığı gündən etibarən Dövlət Komitəsi din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Prezident  İlham Əliyevin  rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Fikir, söz və vicdan azadlığı prinsiplərinin qorunmasına, dini azadlıqların təmin edilməsinə yönəlik siyasət  yürüdən dövlətimiz bu sahə ilə bağlı bütün səyləri dəstəkləyir.


Bütün bunların məntiqi nəticəsi kimi Komitənin fəaliyyət sferası son illərdə daha da genişlənib. Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutu yaradılıb, DQİDK-nın ştat vahidi və fəaliyyəti ilə əlaqədar önəmli sərəncamlar verilib. Sözügedən proseslər fəaliyyətimizin daha da dinamikləşməsinə, səmərəliliyinə müsbət təsir göstərib.

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas fəaliyyətinə aydınlıq gətirə bilərik?

- Dini maarifçilik işinin təşkili, radikalizmlə mübarizə, respublikada dini durumun öyrənilməsi, dini duruma kənar təsirlərin aradan qaldırılması, dini qurumların dövlət qeydiyyatına alınması, dini icmalarla digər dövlət qurumları arasında səmərəli münasibətlərin qurulması, əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətinə yönəlib və bu sahədə kifayət qədər işlər görülüb.

Komitə son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artıraraq, ölkəmizin bütün regionlarında dini sahə ilə bağlı aktuallıq kəsb edən mövzularda ictimaiyyətlə, dindarlarla silsilə konfranslar, seminar-treninqlər, “dəyirmi masa”lar təşkil edir.

Maarifləndirmə istiqamətində işlər sosial şəbəkələr, nəşrlər vasitəsilə də həyata keçirilir.

- Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyəti necə təşkil olunur?

- Eyni zamanda, qanunvericiliyə uyğun olaraq, dini icmaların fəaliyyətinin təşkilində, dini maarifləndirmə işinin həyata keçirilməsində, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və milli-mənəvi irsimizin təbliğində Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyətində yeni səhifə açılıb.

Həmçinin maarifləndirmə işinin effektivliyini artırmaq məqsədilə bir sıra dövlət qurumları ilə birgə fəaliyyətə də xüsusi diqqət yetirilir.

Onu da vurğulayım ki, ötən dövr ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan həqiqətlərinin, tolerantlıq, birgəyaşayış mədəniyyətimizin tanıdılması, təbliğatı istiqamətində ölkə hüdudlarından kənarda aparılan işlərin iştirakçısı və bilavasitə təşkilatçısı olub.

- Dini təyinatlı ədəbiyyatın, əşyaların, dini məzmunlu başqa məlumat materiallarının istehsalı, idxalı və yayılmasına necə nəzarət olunur?

Mövcud qanunvericiliyə əsasən dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə dini təyinatlı ədəbiyyatı, əşyaları, dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə sərbəst yaya bilərlər.

Eyni zamanda, bu dini ədəbiyyatların Dövlət Komitəsi tərəfindən idxalına və ya çapına razılıq verilməsi ilə yanaşı, onlara nəzarət markası da vurulmalıdır.

Yalnız bundan sonra həmin dini ədəbiyyatların ixtisaslaşdırılmış satış məntəqələrində satışı həyata keçirilə bilər.

Bu "Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsində açıq şəkildə qeyd edilib.

Bu məsələ barədə danışarkən qeyd etməliyik ki, ölkəmizin dini həyatında çox rəngarəng mənzərə var və burada müxtəlif xalqların, dinlərin və məzhəblərin nümayəndələri mehriban şəkildə yaşayırlar.

Bu o deməkdir ki, din sahəsində fəaliyyət göstərənlər də cəmiyyətimizin bu unikal özünəməxsusluğuna xələl gətirəcək düşüncədən uzaq olmalıdırlar.

Məhz bu səbəbdən ölkədə dini ayrı-seçkilik və qarşıdurma meyillərinin yayılmasına rəvac verilməməsi, dini dözümlülük mühitinə mənfi təsir göstərə biləcək, ədavəti, nifrəti, ekstremizmi və radikallığı təbliğ edən dini təyinatlı ədəbiyyatın xaricdən ölkəyə gətirilməsi və nəşrinin qarşısının alınması məqsədilə müvafiq işlər görülür.

- Dini etiqad azadlığının həyata keçirilməsi ilə bağlı mövcud durumu necə dəyərləndirirsiniz?

- İnsanların dini inanclarına hörmətlə yanaşmaq, dini mənsubiyyətinə görə insanlar arasında fərq qoymamaq vətəndaş cəmiyyətinin, hüquqi dövlətin əsas əlamətlərindən sayılır.

Ölkəmizdə bu sahə, əsasən, Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.

Dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində strateji vəzifələrimizdən biri də dini etiqad azadlığının təmin edilməsidir.

Azərbaycan Respublikasının vətəndaşları dinə münasibətindən asılı olmayaraq siyasi, iqtisadi, sosial və mədəni həyatın bütün sahələrində qanun qarşısında bərabərdirlər.

Ölkəmizdə dövlət-din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə etiqad azadlığı üçün şərait yaradılıb, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərilir.

Bu gün çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə dini etiqad azadlığı tam şəkildə təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər.

Təbii ki, ölkədəki dini etiqad azadlığından sui-istifadə edərək xalqımızın yüzillər boyu mühafizə etdiyi tolerantlıq ənənələrinə xələl gətirilməsi yolverilməz haldır.

Ona görə də, dünyəvi dövlət olan Azərbaycanda dindən siyasi məqsədlər naminə istifadə etməyə çalışanlara imkan verilmir.

Onlara qarşı həm inzibati, həm də ideoloji müstəvidə kəskin mübarizə aparılması olduqca vacib məsələlərdən biridir.                 

- Məscidlərdə din xadimləri necə təyin olunur?

- İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən şəxslərin təyinatı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətindədir.

Qanunvericiliyə əsasən QMİ din xadimlərini (imam, imam müavinləri, mütəvəlillər) DQİDK-ya məlumat verməklə vəzifəyə təyin edir və ya azad edir.

Bu məqsədlə QMİ mütəmadi olaraq din xadimlərinin attestasiyasını təşkil edir. Attestasiyadan müvəffəqiyyətlə keçən şəxslər müvafiq vəzifələrdən birinə təyin edilir.

Bildirim ki, yalnız dini təhsili, dini ayinləri icra etmək qabiliyyəti olan və QMİ-nin təşkil etdiyi imtahandan keçən din xadimləri məscidlərdə fəaliyyət göstərə və dini ayinləri icra edə bilərlər.

Gülşanə Mustafayeva
BAKU.WS