Xalq artisti Bəhram Mansurovun doğum günüdür

Xalq artisti Bəhram Mansurovun doğum günüdür
Mədəniyyət 46

Bu gün Xalq artisti,  görkəmli tarzən Bəhram Mansurovun doğum günüdür. Onun anadan olmasından 114 il ötür.

Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov 1911-ci il fevralın 12-də İçərişəhərdə doğulub.

O, Mansurovlar nəslinin musiqi ənənələrinin davamçısı olmaq şansı qazanıb. Mahir tarzən olan atası Məşədi Süleyman oğlunun tara meylini görüb deyərdi: "Sən tarı çalmağı tez öyrənəcəksən. Muğam sənin qanındadır". O, yanılmadı...

Bəhram 8 yaşından arzularını tarın kövrək tellərində köklədi.

19 yaşı olanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət etdi. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu. Opera və Balet Teatrında Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işlədi. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları müşayiət etdi.

Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında "Çahargah" və "Rast" muğamları nota alınıb, həmçinin "Bayatı-Şiraz", "Humayun", "Şur", "Bayatı-kürd", "Çahargah" ilk dəfə UNESCO-nun xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb.

Bəhram Mansurov 1978-ci və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib.

Görkəmli tarzən 54 il Opera və Balet Teatrında çalışıb, muğam operalarında xanəndələri müşayiət edib. Onun ifasında olan bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu Eldar Mansurov tərəfindən nota salınıb.

1971-ci ildə tanınmış Azərbaycan musiqiçisi, tarzən Bəhram Mansurova həsr olunmuş "Çalır Bəhram Mansurov" sənədli televiziya filmi çəkilib. Xalq artisti 1985-ci il mayın 14-də, ömrünün 75-ci baharında vəfat edib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ildə Xalq artisti, görkəmli tarzən Bəhram Mansurovun anadan olmasının 100 illiyi qeyd edilib.

Sənətkarın oğlu, çağdaş dövrümüzün tanınmış bəstəkarlarından olan Eldar Mansurov atasının 100 illiyinə ithaf etdiyi "Mansurovlar" adlı kitabda nəslin 300 illik bir zaman kəsiyində keçdiyi yolu ətraflı şəkildə təcəssüm etdirib.

Bu gün də unudulmaz sənətkarın yaratdığı ölməz sənət inciləri neçə-neçə gənc tarzənin yetişməsinə təkan verir, yol göstərir.

Son xəbərlər