Şuşa əməliyyatı ilə bağlı film: Çəkilişlər harada və nə zaman başlayır?

Şuşa əməliyyatı ilə bağlı film: Çəkilişlər harada və nə zaman başlayır?
Mədəniyyət 96

"Tələb olunan icazələri almışıq, danışıqları yenə də davam etdiririk. Hava şəraiti də əlverişli olandan sonra ən qısa zamanda çəkilişlərə start verəcəyik".

Bunu Oxu.Az-a müsahibəsində Türkiyənin tanınmış aktyoru, "Şefkat Tepe" və "Kurtlar Vadisi Pusu" kimi məşhur seriallarda baş rol alan Ertuğrul Şakar deyib.

O, Qarabağın işğaldan azad edilməsi ilə bağlı çəkəcəyi film və digər layihələr haqqında danışıb. Müsahibəni təqdim edirik:

- Ərtoğrul bəy, Qarabağın işğaldan azad edilməsi ilə bağlı çəkəcəyiniz filmin astanasındasınız. Süjet xətti nədən bəhs edir?

- Film Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi zəfər və xüsusən də Azərbaycan əsgərinin qəhrəmanlığından bəhs edir. Filmdə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) əməliyyatlara qatılması, onların əldə etdiyi uğurlar və Şuşa əməliyyatı ön plandadır. Biz bu filmlə həm də Azərbaycan gənclərinə öz qəhrəmanlarını nümunə götürüb vətənlərinə həmişə sahib çıxmalarını aşılamaq istəyirik. Bu baxımdan, Azərbaycan əsgərinin şücaətini izləyicilərə təqdim etmək istəyirik.

- Çəkilişlərə nə zaman və harada başlayacaqsınız?

- Filmin çəkilişləri Şuşada, Kəlbəcərdə, Laçında və Hadrutda olacaq. Sadəcə olaraq, hava şəraiti ilə əlaqədar çəkilişlərə başlaya bilmirik. Çəkiliş aparacağımız dağlıq ərazilərdə qar əriyəndən sonra filmə başlayacağıq. Tələb olunan icazələri almışıq, danışıqları yenə də davam etdiririk. Hava şəraiti də əlverişli olandan sonra ən qısa zamanda çəkilişlərə start verəcəyik. Bizim tərəfimizdən hər şey hazırdır.

- Bu filmdən sonra reallaşdırmaq istədiyiniz hansı layihələr var? Yoxsa fasilə verəcəksiniz?

- Mübariz İbrahimov, Polad Həşimov, daha sonra isə ən böyük arzum və planım olan ulu öndər Heydər Əliyevin, nəhayət, Prezident İlham Əliyevin həyatları haqqında da film çəkmək istəyirəm. Çünki İlham Əliyev Ali Baş Komandan kimi illərdir həsrətində olduğumuz Qarabağın işğaldan azad edilməsi əməliyyatına rəhbərlik edib. Bu baxımdan, bu, bizim üçün çox önəmlidir.

- Həmin filmlər sənədli olacaq, ya bədii?

- Hər biri tammetrajlı bədii film olacaq.

- Bəs serial çəkilişləri ilə bağlı planlarınız var?

- Hazırda serial çəkilişləri ilə bağlı planımız yoxdur. Mənim üçün prioritet Qarabağla bağlı filmin çəkilişləridir.

- Belə başa düşdüm ki, bundan sonrakı fəaliyyətinizi Azərbaycanda davam etdirəcəksiniz?

- Bəli! Hazırda Qarabağ Zəfərinə görə prioritetimiz Azərbaycandır. Lakin bundan sonra Özbəkistan, Qırğızıstan və bütün Turan coğrafiyası ilə filmlər çəkmək istəyirik.

Son xəbərlər