Görkəmli xanəndə Seyid Şuşinskinin anım günüdür

Görkəmli xanəndə Seyid Şuşinskinin anım günüdür
Mədəniyyət 22

Bu gün Azərbaycanın görkəmli xanəndəsi Seyid Şuşinskinin vəfatından 59 il ötür.

Seyid İbrahim oğlu Şuşinski 1889-cu il aprelin 12-də Şuşa qəzasının Horadiz kəndində dünyaya gəlib. Musiqiçilərin hörmətlə "Ağa" deyə üz tutduğu Seyid Şuşinskinin tam adı Mir Möhsün Ağa Seyid olub. Seyid nəslindən olduğuna görə ona "Ağa" deyə müraciət ediblər. Balaca Seyid atasını uşaq yaşlarından itirdiyindən onun tərbiyəsi ilə xalası Məşədi Hürzad məşğul olub. Dövrünün savadlı və açıqfikirli qadını olan Məşədi Hürzad Qarabağın qadın toylarında xanəndəlik edib.

İlk təhsilini mədrəsədə alan Seyid, dini mərasimlərdə və xalq şənliklərində çıxış edib. Seyidin peşəkar xanəndə kimi tanınmasında Azərbaycan xanəndəlik sənətinin beşiyi olan Şuşa mühiti həlledici rol oynayıb. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün iki il Mir Möhsün Nəvvabın yanında oxuyub. Onun xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun böyük təsiri olub. O, Seyid Şusinskini "Şərq musiqisinin incisi" adlandırıb.

Seyid yüksək diapazonlu səsi və muğamları düzgün, səlis oxumaq qabiliyyəti ilə dinləyiciləri, hətta məşhur xanəndələri heyran qoyub. Seyidin muğam öyrənməsində əmisi Məşədi Seyidəlinin böyük əməyi olub. O, Seyidin musiqi təhsili ilə məşğul olur, Sədinin, Hafizin, Füzulinin və Zakirin şeirlərini Seyidə əzbərlədib, muğam üstündə oxudarmış.

Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan "Çahargah"ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu "mayə"dən yox, "Mənsuriyyə"dən başlayardı. Seyid həyatının son illərində, yaşı artıq 74-ü ötmüş olsa da, "Mənsuriyyə"ni eyni şövqlə oxuyarmış. O, öz ifaçılığında klassik şairlər - Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvaninin qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edib. Seyid 1911-ci ilədək Şuşada yaşamışdı. Həmin il o, toy məclislərinin birində Məşədi Cəmil Əmirovla (bəstəkar Fikrət Əmirovun atası) tanış olur. O, Şuşinskinin ifasını bəyənir və özü ilə onu Gəncəyə aparır.

Şuşinski gəncəlilərin də sevimlisinə çevrilir, o qədər məşhurlaşır ki, onu Tiflisə çağırırlar. Seyid Tiflisə köçərək 1919-cu ilədək orada yaşayır. 22 yaşlı xanəndə bu həyata həvəslə qatılır, teatrlara gedir, tamaşalararası fasilələrdə konsertlər verirdi.

O, ömrünün 60 ilini Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr edib, gözəl səsi ilə xalqımızın sevimli müğənnisi olub, Yaxın və Orta Şərqdə şöhrət tapıb. Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edib.

"Molla Nəsrəddin" jurnalının bir neçə nömrəsinin çıxmasına maddi yardım göstərib.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin məsləhəti ilə Seyid Şuşinski musiqi təhsil ocaqlarında muğam dərsləri deyib, gənc nəslə muğamın sirlərini öyrədib. Görkəmli bəstəkar Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazanmış "Şur" və "Kürdi-Ovşarı" simfonik muğamlarının yazılmasında məsləhətçi kimi Seyid Şuşinskinin böyük köməyi olub.

Zəngin yaradıcılıq yolu keçmiş, Qarabağ xanəndəlik məktəbinin ən böyük simalarından biri olan Seyid Şuşinski musiqi xadimi, pedaqoq, Xalq artisti, Əməkdar müəllim kimi Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynayıb.

Görkəmli xanəndə 1965-ci ildə vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər