SİZİN REKLAM BURADA!
055 213 76 73


21 mart Dünya Poeziya Günü kimi qeyd edilir.

BAKU.WS xəbər verir ki, bu əlamətdar gün 1999-cu ildə YUNESKO tərəfindən şeir ifadəsi ilə dil müxtəlifliyini dəstəkləmək və nəsli kəsilməkdə olan dillərə kömək imkanını yaratmaq məqsədi ilə yaradılıb.

Ən əsas məqsəd isə şeirin oxunmasını, yazılmasını, nəşrini və tədrisini bütün dünyada təbliğ etməkdir. Poeziya qədim zamanlardan başlayaraq insanın mənəvi ehtiyacına çevrilib, onun arzu və istəklərini, duyğu və düşüncələrini, sevinc və kədərini poetik özünəməxsus şəkildə büruzə verib.

Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir.

Azərbaycanda “Dünya Poeziya Günü” 2007-ci ildən etibarən qeyd olunur. Məqsəd poeziya sənətini təbliğ etmək, şeiri insanlara sevdirmək, xalqları ədəbiyyatın bu janrı ilə bir-birinə yaxınlaşdırmaqdır. Azərbaycan şairləri, bütövlükdə, Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının inkişafına güclü təsir göstərib, özünəməxsus poeziya məktəbi yaradıblar.

Azərbaycanda poeziyanın ilk nümunələri şifahi xalq ədəbiyyatı zəminində formalaşmış bayatılar, holavarlar, sayaçı sözləri və digər mövsüm-mərasim nəğmələridir.Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra yazıçı və şairlərimizə qayğı daha da artıb, bədii fikrin nadir hadisəsi olan poeziya xalqımızın mənəviyyatının ayrılmaz hissəsi kimi yeni inkişaf mərhələsinə yüksəlib.

“Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza, birinci növbədə, ədəbiyyatdan gəlir”, – deyən ümummilli liderimiz müasir ədəbi prosesin inkişafı üçün hər cür şərait yaradıb.

Bu gün də dövlətimizin hərtərəfli qayğısı ilə Azərbaycan şairləri ümumbəşəri mahiyyət daşıyan çoxşaxəli yaradıcılıqları ilə dünya bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirir, milli şeriyyəti yüksəklərə qaldırırlar. Şairlərimizin bədii fikir salnaməsində parlaq səhifələr açan əsərləri insanların mənəvi kamilləşməsinə xidmət göstərir.

Bu həm də ədəbiyyatın ən ali vəzifəsi kimi xüsusi əhəmiyyət kəsb edir.Azərbaycan dünyaya Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, İzzəddin Həsənoğlu, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani və onlarla digər dahi şairləri bəxş edib.

XX-XXI əsrdə bu ənənələr Mikayıl Müşfiq, Məmməd Araz, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Nüsrət Kəsəmənli, Əli Kərim, Süleyman Rüstəm, Ramiz Rövşən, Musa Yaqub və digərləri ilə davam etdirilib.

BAKU.WS