SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı şair Mikayıl Müşfiqin doğum günüdür. Onun  anadan olmasından 115 il ötür.

BAKU.WS xəbər verir ki, 1908-ci ilin iyunun 5-də doğulan Mikayıl Əbdülqadir oğlu İsmayılzadə Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rol oynayıb.

Şair Xızı şəhərində, ziyalı ailəsində anadan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. 1927-1931-ci illərdə Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib.

Əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub (bu məktəb indi onun adını daşıyır).

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan "Bu gün" şeiri 1926-cı ildə "Gənc işçi" qəzetində, "Duyğu yarpaqları" adlı son şeiri isə 1937-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilib.

Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun "Küləklər", "Günün səsləri", "Buruqlar arasında", "Bir may", "Pambıq", "Vuruşmalar", "Şeirlər", "Şəngül, Şüngül, Məngül", "Qaya", "Kəndli və ilan" kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq "Seçilmiş əsərləri", "Əsərləri", "Duyğu yarpaqları", "Əbədiyyət nəğməsi", "Könlümün dedikləri", "Həyat sevgisi" və digər adlar altında kitabları çap edilib.

Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin "Qaraçılar" (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun "Demon" poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın "Huşsuza bax, huşsuza" şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin "Şərq poeması"nı Azərbaycan dilinə çevirib.

Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib. Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi vurulub.

Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək ("Çoban", "Mənim dostum", "Qaya", "Sındırılan saz", "Səhər", "Azadlıq dastanı") lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.

Mikayıl Müşfiqin "Oxu tar" harayı qəlbində Vətən sevgisi olan hər bir insanı riqqətə gətirməyə qadirdir. Bu haray hər bir Azərbaycan gəncini mərdliyə, qəhrəmanlığa, döyüşə ruhlandırmağa, hətta Vətən sevgisinin nə olduğunu bilməyənlərə də anlatmağa qadirdir.

Şairin "Sevgilər", "Maralım", "Yenə o bağ olaydı!" şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.

Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində "Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!", - deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.

BAKU.WS