SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün azərbaycanlı şair və tərcüməçi Əli Kərimin doğum günüdür. Onun anadan olmasından 93 il ötür. 

Kərimov Əli Paşa oğlu 1931-ci il martın 18-də Azərbaycanın Göyçay şəhərində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçib.

III kursdan sonra təhsilini Moskvada, M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda davam etdirib. 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıtdıqdan sonra "Azərbaycan" jurnalının redaksiyasında işləyib, şeir şöbəsinin müdiri olub.Əli Kərimin ömrü, öz şair sözü kimi, poeziyada atributa çevrildi.

Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var.

İlk nəşr olunan əsəri 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində çıxmış "Təzə müəllim" şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında "İlk simfoniya" poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibətilə Moskvada rusca çıxan "İki sevgili" kitabı olub.

"İki sevgi" (1960), "Həmişə səfərdə" (1963), "Qızıl qanad" (1965), "Qaytar ana borcunu" (1970), "Uşaqlar və ulduzlar" (1971) "Səfərdən sonra" (1972), "Pillələr" (1978), "Gül və çörək" (1978), "Seçilmiş əsərləri" (I cild, 1974, II cild 1975), "Qayıt" (1983), "Pillələr" (1987), Seçilmiş əsərləri" (2 cilddə, 1991), "Mavi nəğmənin sahilində" (1991), "Neyləyim, şeirlə dərd söyləyirəm" (1999) və s. kitabları nəşr edilib.

Ona həsr edilən Feyzi Mustafayevin "Dinmə, ey kədər" (1986), Elza Kərimin "Nə xoşbəxt imişəm", Altay Məmmədovun "Tanıdığım Əli Kərim" xatirələr kitabları çapdan çıxmışdır. Şairin bədii yaradıcılığının tədqiqinə həsr edilən Cavanşir Yusiflinin "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi" (2005), "Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış" (2010), Sona Xəyalın "Əli Kərim" (2011) və başqa monoqrafiya və məqalələrin adlarını çəkmək olar. Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görüb.

Əli Kərim ədəbiyyata özünə məxsus üslubu ilə gəlmiş, ilk şeirlərindən parlaq istedadı ilə şeirsevərlərin diqqətini cəlb etmiş, özündən sonra gələn bir sıra şairlərə güclü təsir etmiş sənətkarlardandır. AMEA-nın Həqiqi üzvü, professor Tofiq Hacıyev onun yaradıcılığı barədə yazır: "Ə. Kərimin ömrü, öz şair sözü kimi poeziyada atributa çevrildi.

Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. Əli Kərim mövzu məhdudluğu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətləndəndir.

Mövzuların bir qismi yalnız onun özünə məxsusdur, yəni onları o görüb, o mənalandırıb: "Babəkin qolları"nda məşhur Babək bir yanda qalır, onun kəsilmiş – Babəki xalq qəhrəmanı edən qolları qəhrəman seçilir; "Heykəl və heykəlin qardaşı" poeması da həmin prinsiplə yazılmışdır – qəhrəmanın özü yox, hekəlidir. "Gül və çörək", "Sevirəm", "Bomba üstündə ev", "Çiçəklər iclasda" kimi şeirlərdə də vəziyyət eynidir, bu əsərlərdə mövzu orijinallığı ideya-məzmun orijinallığı ilə, poetik forma yenilikləri ilə uyğun gəlir.

Həyat faktlarına xüsusilə poetik yanaşma, onlar üçün xüsusi poetik mühit yaratmaq üsulu şairin iri həcmli əsərlərində – poemalarında da saxlanır. İdman mövzusunda yazdığı "Bir santimetr haqqında ballada" poemasında iradə ilə ətalətin mübarizəsi gözəl, şairanə ekrana çevrilir və bu ekranda şairliklə kommentatorluq çox təbii əlaqələndirilir.

Əli Kərimdə oxucunu poetik mühitinə salmaq istedadı var: "İlk simfoniya" poemasını oxuyarkən əvvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənətini, ailə-məişət ziddiyyətlərini təbii lövhələrlə yaşayırsan, şair oxucunu musiqi salonundan çıxarıb, qəhrəmanının ardınca yollara, bağlara, parklara izlətdikcə qulaqlarında melodiya cingiltisi kəsilmir.

"Heykəl və heykəlin qardaşı" poemasında müharibə səhnələri ilə sülh dövrünü təsərrüfat-quruculuq mənzəsinin poetik ritmləri sənətkarlıqla növbələşir, müxtəlif mövzular ustalıqla bütövləşir…"

Əli Kərim 1969-cu ilin iyunun 30-da Bakıda vəfat edib, Göyçayda dəfn edilib. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınıb. 

BAKU.WS