SİZİN REKLAM BURADA!
055 213 76 73



4 qat Dünya çempionu Ellər Orucovun Milli.Az-a müsahibəsi.

- Ellər, müsahibələrinizin birində bildirmisiniz ki, ailəm idmançı olmağımı istəmirdi. Bəs necə oldu ki, onları yola gətirdiniz?

- Bəli, ailəm idmançı olmağımı istəmirdi. Fikirləşirdilər ki, travma alarsan, əzilərsən. Hər bir valideyn kimi onlar da mənə görə narahat idilər. Mən idman sahəsinə inadkarlığım sayəsində gəldim. Düzdür, bu yerlərə gəlmək üçün əzab-əziyyətli günlərdən keçmişəm.

- Belə başa düşdüm ki, uşaqlıqdan əzab-əziyyətlə böyümüsüz?

- Mən Kəlbəcərdə doğulmuşam, daha sonra Tərtərə gəlmişəm. Məlum hadisələrdən dolayı hamı kimi biz də əziyyətlər çəkmişik. Elə bu səbəblərə görə fikirləşirdim ki, dünya çempionu olacağam. Təsəvvür edin, heç bir dəstəksiz məşqlərə gedirdim, yarışlarda iştirak edirdim. Taleyimə həm qalibiyyət yazıldı, həm də məğlubiyyət. Nəhayət ki, 2010 cu ildə İtaliyada dünya çempionu oldum.

- Məşğul olduğunuz idman növünün özəlliyi nədədir?

- Mən lap əvvəllər kikboksinq sahəsində olmuşam. 2008-2009 cü ildən idmanın kunq-fu sanda növü ilə məşğulam. Hər bir idman növünün özəlliyi var. Kunq-fu sanda özünü müdafiədir. Həm də bu idman növü insanlar arasında mehribançılıq, dostluq yaradır. Bu, onun ən gözəl xüsusiyyətlərindən biridir.

- İdmançıların çoxu aqressiv olur. Bəs siz necə?

- Bu, kənardan belə görünə bilər. Amma mən xasiyyətcə mehriban insanam, bacardığım qədər mehribançılıq yaratmağa çalışıram. İstəmirəm ki, kiminsə xətrinə dəyib, onu incidim. Mənə elə gəlir ki, idmançılar rinqdən düşəndən sonra görüşüb ayrılmalıdırlar.

- Rinqə çıxmazdan öncə özünüzü necə toparlayırsınız?

- Mən özümü psixoloji olaraq hazırlayıram. İdman əfsanələri də deyib ki, "Sən inanmalısan ki, qələbə qazanacaqsan". Təbii ki, sən qələbəyə inanmalısan. Özünü necə kökləsən, elə də olacaq. Mənim özümə inanmağımda müəllimimin, dostlarımın böyük rolu var. Özümə inanandan sonra mənim üçün rəqibin güclü, yaxud zəif olmasının bir önəmi yoxdur.

- Son uğuru nə vaxt qazanmısınız?

- Son dünya çempionu titulunu 2014-cü ildə qazanmışam. 2014-cü ildən bu yana bir müddət müəyyən səbəblərə görə vuruşa bilmədim. 2016-cı ilin may ayında yarışa yollandım, bayraq üstündə ermənilərlə davamız düşdü deyə hər ikimiz oyundan uzaqlaşdırıldıq. Bildiyiniz kimi kunq-fu federasiyasına Nurlan Aslanov yeni prezident gəldi. Onun rəhbərliyi sayəsində federasiyada canlanma yarandı. İçi mən qarışıq 60-70 idmançı bir neçə ay əvvəl respublika çempionu olduq. Onu da deyim ki, mən həm uşu-sanda da, həm də kunq-fu sanda da respublika çempionu olmuşam. İnşallah, qarşıda bir çox ölkələrdə dünya çempionatı gözlənilir.

- Deyirsiniz ki, müəyyən səbəblərə görə bir müddət idman sahəsindən uzaq düşdünüz. Hansı səbəblər idi?

- 2014-cü ildə dünya çempionu olanda zədə aldım. Buna görə həvəsdən düşmüşdüm. Həm də bundan başqa o illərdə təmsil etdiyim federasiyada işlər yaxşı deyildi, ümidlər ölmüşdü. Şükürlər olsun ki, bu gün artıq o ümidlər yenidən dirçəlib. Bəzən də gördüyün işin bəhrəsini görmürsən, düzgün qiymətləndirmə olmur. Ayrıseçkilik görəndə insan həvəsdən düşür.

- Digər həmkarlarınızdan fərqli olaraq bir o qədər də gündəmdə deyilsiniz. Gündəm sizin üçün önəmlidir?

- Yaxşı mənada gündəmdə qalmağın ziyanı yox, xeyri var. Əsas odur ki, sənətinin peşəkarı olasan. Bizim xidmətimiz bayrağımızı zirvələrə qaldırmaqdır. Bəzən idmançıları şou verilişlərində görürəm. İdmançının arenası, ilk növbədə, rinqdir.

- Bu günlərdə verilişlərdən birində bir idmançı rəqqasə xanımla üz-üzə gəlib, efir vasitəsilə bir-birlərini təhqir etdilər. Yəqin ki, onu deyirsiniz...

- Sözün düzü, həmin verilişi izləməmişəm, mən ümumi danışdım. O idmançını da, rəqqasəni də tanımıram. Ona görə də fikir bildirə bilmərəm.

- Bir çox həmkarlarınızın ləqəbi var. Bəs sizdə necə?

- Mən özümə heç vaxt ləqəb verməmişəm. Bir adım var, o da valideynlərimin verdiyi addır. Elə idmançı var ki, ona ləqəbi xalq verib, eləsi də var ki, özü-özünə verib. Məni Ellər adı ilə tanıyırlar.

- Bu sahədə davamçılarınız var?

- Kunq-fu federasiyasına yeni prezident gələndən sonra məni yeniyetmələrin baş məşqçisi təyin etdi. Tələbələrimə çox ümid bəsləyirəm.

- Gününüz necə keçir?

- Mənim günüm həmişə maraqlı keçir. Məşqə gedirəm, dostlarımla əylənirəm.

- Yəqin ki, gecə klublarına da gedirsiz...

- Xeyr, mənim klub həyatım olmayıb. Bir dəfə gecə klubuna davaya girmişəm, əylənməyə yox. Söhbəti həll edib, çıxmışam. Hardasa iki dəfə belə hadisə olub.

- Hələ ki, subaylığın daşını atmaq istəmirsiniz?

- Sözün düzü, bunu planlaşdırmamışam, bu, qismətə bağlıdır. Ümumiyyətlə, şəxsi həyatımla bağlı danışmağı xoşlamıram.

BAKU.WS