SİZİN REKLAM BURADA!
055 213 76 73



Novruz bayramı ərəfəsində yolumuzu Gürcüstanın ən məşhur turizm məkanlarından biri, Qara dəniz sahilində yerləşən Batumi şəhərindən saldıq.

Səfərimizin məqsədi "Acarıstan Turizm Departamentinin" azərbaycanlı jurnalistlər üçün təşkil etdiyi "Press Tur"idi. Bu səfərə BAKU.WS komandasının üzvü mən videoqraf Faiq Əliyevdə qatıldım. 

İlk öncə təyyarə ilə Gürcüstanın paytaxtı Tiflisə yollandıq. Daha sonra isə oradan da Batumi şəhərinə. Bizi qarşılayan departamentin əməkdaşı İrakli Baramidze və bələdçimiz Teona Kvernadze, bir həftə ərzində bizi gəzməli-görməli yerləri gəzdirib, ləziz təamlarla zəngin olan gürcü mətbəxi ilə tanış etdilər. 

Şəhəri ələk-vələk edib, üz tutduq Batumi bulvarına. Burada turistlərin ən çox üz tutduğu məkan sevgi heykəli Əli və Ninodur. Qurban Səidin sevgi hekayəsindən təsirlənən yaradıcılar 2010-cu ildə dəmir konstruksiyadan belə bir heykəl ucaldıblar. Uzunluğu 8 metr olan heykəllər günboyu yavaş-yavaş bir-birinə doğru hərəkət edir, gecələr birləşir. Gündüzlər isə öz yerinə qayıdırlar. Beləliklə ədibin əsərdə ayırdığı iki aşiqi ideya müəllifləri bu heykəllər vasitəsilə qovuşdura biliblər.

Dünyanın ən zəngin Botanika bağlarından biri də Batumidə yerləşir. Şərqi Asiya, Şimali Amerika, Yeni Zellandiya, Cənubi Amerika, Himalay, Meksika və Avstraliyadan gətirilən bitki və ağacların əkildiyi bağı 1912-ci ildə coğrafiyaşünas Andrey Krasnov salıb. Burada ağaclar öz əzəməti ilə hər kəsi heyran qoyur. Yaşıl təbiətə vurğun olanların seçdiyi məkanlardan biri də 50 metrdən çox hündürlüyü olan Maxunseti şəlaləsidir.

Şəlalənin yanında 12-13 əsrə aid Tamara körpüsü yerləşir. Kemal Turmanidzenin yaratdığı Borcqalo Etnoqrafik muzeyi isə gürcülərin yaşayış dövürləri ilə mərhələli şəkildə tanış olmaq imkanı yaradır.

Burada həmçinin qədim romalıların hərbi məntəqəsi kimi yaradılmış I əsrə aid Qonio Apsaros qalası yerləşib. Qala müxtəlif zamanlarda gürcü Kolxidasının, Bizans, Osmanlı imperiyalarının və çar Rusiyasının tərkibində olub. Qonio qalasının ərazisində İsa peyğəmbərin tərəfdarlarından olan apostol Matfeyin simvolik məzarı da yerləşir. Bəzi tarixi mənbələrə görə, apostol məhz bu ərazidə dəfn edilib. Qoni Apsaros adlanan köhnə şəhərin ən maraqlı cəhəti bu daş divarlardır. Həm hündürlüyü, həm də dərinliyi 5 metr təşkil edən bu divarlar dəniz kənarında yerləşirmiş və əsasən ipək yoluna nəzarət üçün istifadə olunurmuş.

Gəzib-gördüklərimiz təkcə bununla bitmədi. Batumi şəhərində yadda qalan ən maraqlı anları çəkib, hazırladığımız videosüjeti sizə təqdim edirik:

Səfərin təşkilinə görə, Acarıstan Muxtar Respublikasının Turizm Depratamentinə, xüsusi ilədə İrakli Baramidzeyə təşəkkür edirik! 

Faiq Əliyev
Rəşad Əliyev
BAKU.WS