SİZİN REKLAM BURADA!
055 213 76 73


İyunun 13-də Azərbaycan Hərb Tarixi Muzeyində Milli Qəhrəman Əlif Lətif oğlu Hacıyevin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş “Unudulmaz qəhrəman” adlı anım tədbiri keçirilib.

BAKU.WS xəbər verir ki, tədbirdə şəhid mayor Əlif Hacıyevin ailə üzvləri – qardaşı Səfər Hacıyev, bacısı Şükufə Zeynalova, Vətən müharibəsi iştirakçıları, qazilər, Müdafiə Nazirliyinin idarə və müəsisələrindən nümayəndə heyəti iştirak ediblər.

Tədbirdə muzey rəisi ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə bildirib ki, Vətən uğrunda qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş zabit və əsgərlərimizin xatirəsi xalqımızın yaddaşında həmişə yaşayacaq: “İgidliyinə görə qürur hissi keçirdiyimiz Vətən oğullarından biri də Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevdir. 1953-cü ilin iyunun 24-də Xocalı şəhərində dünyaya göz açan Əlif Hacıyevin keçdiyi həyat və döyüş yolu ilə tanış olanda qürur duymamaq mümkün deyil. Bütün həyatını vətəninə xidmət etməklə keçən əsl qəhrəmanlıq nümunəsidir.

O, qısa müddətdə Xocalı təyyarə limanı xətdaxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda, Xocalı aeroportunun komendantı vəzifəsini yerinə yetirib. Cəsarətli fəaliyyətinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir. Bu o vaxtlar idi ki, artıq Qarabağda ermənilərin özbaşınalıqları daha da böyük faciələrə səbəb olmuşdu. Ölkədə nizami ordunun olmaması bu faciələrin qarşısının alınmasını çətinləşdirirdi”.

Qeyd edib ki, Xocalı soyqırımından əvvəl hava limanının strateji əhəmiyyətini başa düşən ermənilər aeroportu ələ keçirməyə cəhd ediblər. Bunun üçün Xankəndidən içərisində 100-ə yaxın erməni döyüşçüsünün olduğu iki avtobus gəlir. Ermənilər hava limanını mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. O zaman aeroportda cəmi 30-a yaxın əməkdaş var idi. Əlif Hacıyevin idarəçiliyi ilə döyüşçülərimiz hava limanını əldən verməyiblər.

1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də burada məskunlaşmışdılar. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmağa məcbur olmuşdu.

1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərdilər. Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. Ağır döyüşlərdə Əlif Hacıyev də düşmən gülləsinə tuş gələrək həlak oldu. Ölümündən bir neçə gün sonra Əlifin tabutu Bakıya gətirilərək Şəhidlər xiyabanında dəfn edilib.

“Bu gün Bakı şəhərindəki küçələrdən biri ölməz qəhrəmanın adını daşıyır. Əlif Hacıyev yaşasaydı, iyunun 24-də 70 yaşını qeyd edəcəkdi, ancaq şəhidlik məqamına ucalanda qəhrəmanın 39 yaşı vardı. Xalqımızın yaddaşında igidliyi, fədakarlığı ilə əbədilik qazanmış Vətən oğlu həmişə ölkəmizdə hörmət və qürur hissilə xatırlanacaq. Allah Milli Qəhrəmanımıza və bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə polkovnik bildirib.

Tədbirdə Milli Qəhrəman Əlif Hacıyevə həsr olunmuş “Xocalının Əlifi” adlı sənədli film nümayiş olunub. Bədii hissədə Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.

BAKU.WS