SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycan Silahlı Qüvvələrinin aprel zəfəri hələ uzun müddət dillərdə dolaşacaq. Yəqin ki, işğal altındakı torpaqlarımız birər-birər azad edilib ərazi bütövlüyümüz tam bərpa olunana, dövlət bayrağımız ölkəmizin dörd-bir yanında dalğalananadək xalqımız məhz aprel döyüşlərini, qəhrəman əsgərlərimizin fədakarlığını örnək çəkəcək. BAKU.WS sherq.az-a istinadən yazır ki, son döyüşlər zamanı cəmiyyətin bir yumruq kimi Ali Baş Komandan, Silahlı Qüvvələrimiz və cəsur əsgərlərimizlə həmrəylik nümayiş etdirməsi göstərdi ki, xalqımız erməni silahlılarının mənfur ayağının torpağımızdan çəkilməsi naminə hərbi əməliyyatların başlanmasını çoxdan arzulayırdı.

22 illik atəşkəs rejimi də millətin döyüş əzmini, qələbəyə inamını qıra bilmədi. Səbrlə gözlədik və nəhayət, düşmənə son 22 ilin ən layiqli cavabını verdik.
Təbii ki, böyük qələbəyə gedən yolda əldə edilən hərbi uğurlar Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətinə bağlıdır. Həmçinin, burada Ali Baş Komandanın tapşırıqlarının qüsursuz yerinə yetirilməsi də əsas şərtdir ki, bunun da öhdəsindən müdafiə naziri, general-polkovnik Zakir ƏSGƏR oğlu Həsənov gəldi.

 

Belə bir müdafiə nazirini nə qədər arzulayırdı Azərbaycan cəmiyyəti; İradəli, məğrur, işinin "ustası”, mundirindəki ulduzları haqq edən.
Z.Həsənov 2013-cü ilin oktyabrında müdafiə naziri təyin olunanda çoxları "gözlədiyimiz gəldi...” deyib dərindən nəfəs aldılar.

Gözlənilən nazir

Sanki Z.Həsənov görkəmi ilə "biz döyüşüb torpaqlarımıza sahib olacağıq” mesajını verirdi. Əslində isə yeni müdafiə nazirinin təyinatından dərhal sonra başlatdığı ordu islahatları əhalini ümidləndirirdi. Artıq Müdafiə Nazirliyində möhkəm bir əl vardı və o, cəmiyyətə inam, etibar daşıyırdı.

 

Zakir Həsənovun müdafiə naziri təyinatı hər kəsi bu şəxs haqqında bacardıqca çox məlumat almağa sövq edirdi; kimdir Zakir Həsənov? Onun haqqında rəsmi yazılanlar bunlardır:
Zakir Həsənov 9 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.

 

1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib, sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

2003-2013-cü illərdə Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi alıb.
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilib və general-polkovnik rütbəsi verilib.

 

Alman, ingilis, rus və türk dillərində sərbəst danışır. Ailəlidir. 1 oğlu, 1 qızı var.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. "Sərhəddə fərqlənməyə görə”, "Hərbi xidmətlərə görə” medalı, "Azərbaycan Bayrağı” ordeni.
Bunlar hazırkı müdafiə nazirinin qısaca bioqrafiyasıdır.
Amma bioqrafiyasını zənginləşdirmək hər bir insanın öz əlindədir. Bioqrafiyasına "cəsur və qayğıkeş nazir” ifadələrini isə o özü əlavə etdi. 2016-cı ilin aprel hərbi əməliyyatları zamanı davranış və hərəkətləri ilə.

Kabinet əvəzinə səngər

Bəlkə də indi əhali arasında sorğu keçirilsə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov yüksək vəzifəlilər arasında, son dövrün dəbi ilə desək, reytinq qırar. Z.Həsənov hazırda hamının sevimlisinə çevrilib. İndiyədək heç bir digər nazir və ya yüksək vəzifəli məmur onun qədər rəğbət qazanıb sevilməmişdi. Səbəb aydındır. Bu sevginin əsasında Qarabağ yaramız dayanır. Z.Həsənov Qarabağ yarasına məlhəm qoymağı bacardığı üçün sevildi. 2016-cı ilin aprelində düşmənə gözlənilən cavab verildi. Erməni silahlıları, düşmən qərargahları məhv edildi, strateji əhəmiyyətli yüksəkliklər Azərbaycan əsgərinin nəzarətinə keçdi. Müdafiə naziri xalqın rəğbətini təkcə buna görə də qazanmadı. Son hərbi əməliyyatlar zamanı müdafiə nazirinin yüksək şəxsi keyfiyyətləri də üzə çıxdı. Heç nədən çəkinmədən birbaş ön xəttə, səngərlərə, atəş altındakı bölgələrə mütəmadi səfərləri, səngərdə əsgərlərlə bir sırada dayanması, əsgərlərə qayğı ilə yanaşması, əsgər, şəhid analarını böyük oğul kimi bağrına basması, şəhid balalarına nəvazişi...
Müdafiə nazirinin son 5 ildə cəbhə bölgələrinə mütəmadi səfərləri onun rahat kabineti alovlu səngərlə əvəzlədiyini sübut edirdi.

 

Xəbərləri anons şəklində vermiş olsaq, bu mənzərə yaranar:

"Son günlər cəbhədəki gərginliklə əlaqədar vəziyyəti yerində qiymətləndirmək üçün müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsinə gedib”.

"Döyüş bölgəsində yerləşən hərbi hissələrə, müdafiənin ön xəttindəki bölmələrə baş çəkən müdafiə naziri mövcud vəziyyətlə tanış olub, döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb”.

"Müdafiə naziri düşmənin kəşfiyyat-təxribat qruplarının müxtəlif istiqamətlərdə mövqelərimizə basqın etmək cəhdlərinin qarşısını almış, fərdi fədakarlıq və şücaət nümunələri göstərmiş hərbi qulluqçulara medal və qiymətli hədiyyə təqdim edib”.

"Müdafiə naziri düşmən təxribatlarının qarşısının alınması məqsədilə sayıqlığın daha da artırılması, onun bütün hərəkətlərinin nəzarət altında saxlanılması və zərurət yarandıqda düşmənə layiqli cavab verməyə daim hazır olmaları barədə şəxsi heyətə tapşırıqlar verib”.

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığını yoxlayıb”.

"Z.Həsənov Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən postlara baş çəkib, düşmənin mövqelərini müşahidə edib, komandirlərdən məlumat alıb, əsgərlərlə söhbət edib, döyüş texnikasına baxış keçirib. O, bir neçə yerdə xəritə üzərində mövqelərə baxıb, komandirlərə tapşırıqlar verib”.

"Müdafiə naziri cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin qərargahlarına, əsgər yataqxanalarına baş çəkib, əsgərlərlə birlikdə yemək yeyib. Nazir yemək masası ətrafında əsgərlərlə söhbətini davam etdirib, çörəyi kəsərək masada oturan əsgərlərə və yaxınlıqdakı komandirlərə paylayıb”.

 

"Nazirliyin rəhbərliyi müdafiənin ön xəttindəki mövcud vəziyyətlə, zirehli texnikaların döyüşə hazırlığı, imkanları və effektiv istifadəsi, döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və
aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu və sosial-məişət şəraiti ilə tanış olub. Sonra müdafiə naziri döyüş növbəsi çəkən hərbi qulluqçularla görüşüb, xidmətdə fərqlənənlərə saatlar təqdim edib. Nazir, eyni zamanda, müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib”.

Oxşar məzmunlu məlumatlar saysızdır. Bütün bunlar Z.Həsənovun kabinet deyil, səngər generalı olduğunu təsdiqləyir.

Müdafiə naziri belə də olmalıdır zatən. Amma uzun illər beləsini görməmişdik axı. Ölkə kabinet generalının əvəzinə əsl səngər generalı görürdü. Və buna görə də o, hər kəsin doğmasına çevrilib.

Önündə baş əyilməli əsgər

Müdafiə naziri uzun illər sonra əsgərə dəyərini qaytarmışdı. Z.Həsənovun yaralı əsgərin əlindən öpməsi bütün xəbər saytlarının baş yazısı oldu: "Bu gün ön cəbhədə müdafiə naziri Zakir Həsənov əli yaralanmış bir əsgərin yaralı əlindən öpüb. Buna tab gətirməyən əsgər göz yaşları içində - Cənab general etməyin - dedikdə naziri də ağlamaq tutub. Nazirin bu addımı əsgər və hərbiçilərdə ruh yüksəkliyi yaradıb”.

Nazir nəinki döyüşlərdə yaralanmış əsgərlərə, onları dünyaya gətirmiş anaların da önündə əyildi.

 

Erməni təxribatına qarşı keçirilən hərbi əməliyyatlar zamanı şəhid olmuş Mİ-24 helikopterinin pilotları - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və polkovnik-leytenant Murad Telman oğlu Mirzəyev üçün təşkil edilmiş vida mərasimində şəhid ailələri ilə tək-tək söhbətləşən nazir onları təsəlli etdi. Vətən uğrunda döyüşlərdə şəhid olan əsgərlərimizin qisasını alacağını bildirən nazir şəhid anasının əlindən öpdü. Cənab nazirin bu hərəkəti insanları qürurlandırdı. Nazirin əsgərlərlə dostyana davrınışı, onlarla bir masa arxasında əyləşib nahar etməsi, əsgərlə öz arasına heç bir sədd qoymadığını göstərir. Z.Həsənova el arasında "Paşa” da deyilir. Cəbhədə hərbi uğurlara imza atdığı üçün.

Nəhayət - zaman yetişdi

Dövlət rəsmisi olaraq Z.Həsənov Azərbaycanın milli-dövlətçilik maraqlarından çıxış edir. Onun cəbhə bölgəsində əhali ilə keçirdiyi görüşlər zamanı dediyi sözlər hamıda inam yaradır.
"Bir dəfə mənə dedilər ki, yüzlərlə gənc cəbhəboyu rayonlardan gələrək vuruşmaq istəyir. Bu, çox sevindirici haldır. Xalq Azərbaycan Ordusuna inanır. Əvvəllər əsgərlər istəyirdi ki, ön cəbhədən ikinci xəttə keçsinlər, indi isə müraciət edirlər ki, onları ön xəttə göndərək. Tam məsuliyyətlə deyirəm ki, ordumuz torpaqlarımızı azad etməyə qadirdir”.

Z.Həsənovun "Torpaqlarımızı işğaldan azad etməyin zamanı çatıb” bəyanatı isə hər bir Azərbaycan vətəndaşının ürəyindən oldu:

"Silahlı Qüvvələrimiz qarşısında Dağlıq Qarabağ və digər ərazilərin düşmən işğalından azad olunması kimi mühüm vəzifə dayanır. Düşmən anlamalıdır ki, müvəqqəti olaraq onun nəzarəti altında qalan əzəli torpaqlarımızın azad edilməsinin zamanı artıq çatıb. Dövlətimizin və xalqımızın dəstəyi ilə ordumuz ən müasir silah-sursat, döyüş texnikası, hərbi təyinatlı müxtəlif avadanlıq və vasitələrlə silahlanıb. Dövlətə, xalqa sədaqətlə xidmət edən şəxsi heyətin vətənpərvərliyi, nizam-intizamı, biliyi, bacarığı, yüksək peşəkarlığı və mənəvi dəyərlərə bağlılığı qarşımızda duran istənilən hərbi vəzifənin qısa müddətdə və uğurla yerinə yetirilməsinin əsas vacib şərtlərindəndir”.

 

Müdafiə naziri vurğulayıb ki, işğalçının tam darmadağın edilərək torpaqlarımızdan çıxarılmasının məsuliyyəti Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşür: "Cəbhədə təşəbbüs bizim tərəfimizdədir. Azərbaycan əsgərinin döyüş hazırlığı, silahının gücü, sərrast atəşi, dəqiq zərbəsi nəticəsində düşmən xeyli sayda itki verib, ağır tələfata uğrayıb. Düşmən vahimə içindədir, qorxub qaçır, gizlənməyə yer axtarır. Hərbi təlimlərdə və döyüş şəraitində təcrübə toplamış əsgərimiz qarşısında isə yeganə döyüş tapşırığı - düşməni hər yerdə izləmək, onun yerini müəyyən edib tapmaq və məhv etmək dayanır. Azərbaycanın real hərbi qüvvəsi artıq buna imkan verir”.

Qələbə müjdələriniz çox olsun, cənab general!