SİZİN REKLAM BURADA!
055 213 76 73


Evdə olduğumuz bu günlərdə ən çox gözə dəyən divarlardır. Gözümü zilləyib onlara baxdıqca, həyatımızda bilərəkdən inşa etdiyimiz “divarları” düşündüm. Hördüklərim mənə isti yuva, ev oldu, bəziləri isə Çin səddi kimi məni düşməndən qorudu.

Divarlar hər cür olur - divar var insan üçün həbsxananın soyuq, bumbuz sızıltısını yaşadır, divar da var lap Berlin divarı kimi var olmanı ikiyə bölür, səni hətta öz torpağına yad, qərib edir. Divarları nə üçün ucaltdığımızı çox vaxt anlamırıq, amma hər divarın yıxılmasında mütləq bir səbəb olur. Bu dövrdə qala kimi bizi qoruyan divarların aşılmaz olduğunu düşünmək, sadəlövhlük olardı. Divar daşdan, gildən ucaldılan da olsa, hissləri qəlibə salıb hördüyümüz sədd də olsa, onu aşırmaq, uçurmaq bir vur ikidir.

Bir səhv Berlin divarlını parçaladı, tarixə qovuşdurdu...

Soyuq müharibənin simvolu, illərlə Qərbdə “Utanc divarı” kimi xatırlanan Berlin divarlarının qismətində, bir yanlışlıq ucbatından uçulmaq, parçalanmaq var imiş. Sıradan bir mətbuat konfransında Şərqi Almaniya Vahid Sosialist Partiyasının Siyasi Bürosunun üzvü Günter Şabovskinin verdiyi cavabı səhv anlayan xəbər agentlikləri insanlara sərhədin açıldığı xəbərini verdilər və elə bu xəbərdən bir neçə dəqiqə sonra hər kəs divarlarlara hücum edərək, onu aşmağa başladı. Nəzarətdən çıxan kütləni durdurmaq üçün tək çıxış yolu atəş açmaq idi. Onsuz da çoxlu qanlı qətillərin şahidi olan bu sərhədi yenidən qanlı meydana çevirmək artıq imkansız idi və Berlini ikiyə ayıran “Utanç Divarı”nın artıq gərəksiz olduğunu hər kəs anladı. Bax beləcə, kiçik səhvlər böyük tarixi hadisələrə səbəb olur və düzgün anlaşılmamaq dünya tarixinin yönünü dəyişdirə bilir. Bəs, sadə vətəndaşla məmur, sənətçi ilə hökumət arasında olan sədlər necə aşılır?

Berlin divarı həm də sosializmin Avropada olan ən böyük imzası idi. SSRİ belə amansız divarları bütün Şərqi Avropa üçün çəkmişdi. Bununla barışmayan Praqa üsyan etdi, mənəvi divarı aşırmaq istədi. Bu hadisələri bir ədəbi qəhrəmanın həyatı ilə daha dərindən duya bilirik. Tomaş sadə praqalılara arxayın olmasa idi, o kağıza imza atardı, dediyindən imtina edərdi və 1968-ci “Praqa baharını” görməzdən, soyuqqanlı biganəliklə yaşaya bilərdi. Amma günahsız qətlləri və çexlərin azadlıq davasını heç kimə, hətta yaxşı dolanışığa, ehtirama və var olmağa dəyişə bilməzdi, çünki o Tomaş idi.

Bir əməli ilə ucalan insan, bir kəlməsi isə zirvədən enə də bilir.

Yanlış anlaşılan bir kəlmə, fikir gözümüzün önündə çoxdan ucalan divarları yıxmağa qadir oldu. Düşündüyünü düzgün izah edəcək sözləri tapmaq özü də elə düşünmək qədər çətin və istedad tələb edən işdir. Elə danışmaq lazımdır ki, “Berlin divarları” kimi “yıxılmayasan”. Səhv anlaşılmaq Güberti uçaltsa da, Afaq Bəşirqızını gözlərdən yerə endirdi.

Afaq Bəşirqızının son müsahibəsində işlətdiyi “podyezdə əkib-doğurlar” ifadəsi Söylünün ifadə tərzinə çox oxşadı. Aktrisa olaraq Söylü kimi yaddaşda qalan və vaxtı ilə “Afaq gülür, güldürür” verilişində elə bu obrazı davam etdirən Afaq Bəşirqızı, sən demə elə “arvad gərək ildə birini doğsun” düşüncəsində imiş.

Görəsən, o bilmirmi ki, koronavirusun başımıza bəla olduğu bir vaxtda çətinlik içində olan insanların “Suğra” ya ehtiyacı yoxdur? Afaq xanımda sanki illərdi oynadığı bütün obrazları özündə birləşdirib, onlara çevrilib. Hər kəsin evə yığışdığı və yaşamın “stop” düyməsinə basdığı zamanda darıxdığı üçün, bəlkə də, bütün bu yaşananlar ona bir tamaşa kimi gəlir? Axı bu həmin Afaq xanım deyildimi, 250 manat maaşa görə sənət yoldaşlarının tərəfini saxladı, onların yanında oldu. Heç nədən qorxmadı, çəkinmədi. Bəs 190 manatla nə dəyişdi Afaq xanım?

İllərdi öz zəhməti ilə qazandığı fəxri adları, medalları, fərdi təqaüdü ilə özünə rahat divar hördüyü göz önündədir. Bircə “personalnı bağdan” başqa. Belə divarların hər kəsdə olmaması və onun kimi akademik maaş almaması reallığını unutması hər birimizi üzdü, qıcıqlandırdı. Bəs görəsən Koronovirusun çətinlikdə qoyduğu insanın yaşantısını bu dəfə duymayan Afaq Bəşirqızı 190 manat maaş alsaydı belə danışardımı?

Belə düşünək və buna ümid edək ki, hər halda fikrini düzgün ifadə edə bilməyib. Fikrini daha mülayim çatdıra bilsəydi, yəqin ki, Xalq artistimiz bunları demək istərdi:

“Yurdumunun hər insanına çatacaq qədər torpaq payı var. Paytaxtda gəlib min bir əziyyətlə para qazanmaqdansa, elə öz torpaqlarında qalıb, əkib-becərsələr daha yaxşı olardı. Bu günlər bizə həm də torpağın dəyərini anlatdı. Çünki Azərbaycan təbiəti çox zəngindir və torpağa verdiyimiz əziyyət heç vaxt boşa getməz. Atalarımız demişkən “Torpaqla oynayan ac qalmaz”. Gözəl təbiətli, təmiz havalı, səfalı yerlərdən gəlib, tozlu, dumanlı şəhərdə yaşamaq nəyə gərək?”

Ən çox Covid-19 virusuna yoluxan elə boz binaların ucaldığı meqapolislər və paytaxt şəhərlərdir. Bu tərəfdən yanaşsaq Afaq xanıma haqq qazandıra bilərdik. Biz bəlkə də onu anlamaq istəmədik, nə dəmək istədiyinin dərininə getmədik. Bəraət qazandırmaq əvəzinə, ən asan yolu, tənqidi seçdik, verdiyi müsahibədə səhv fikirlər arasında tək bir gerçəyi görmədik.

Afaq Bəşirqızı əslində acı bir həqiqəti gün üzünə çıxartdı. Qan bahasına qoruduğumuz torpaqlardan soyuduğumuzu çılpaq şəkildə üzümüzə vurdu! Bu soyuqluq bu gün baş verməyib. Biz lap çoxdan, keçən əsrdən soyumuşuq. Sovet imperiyasında torpaqlarımızın alışı-satışı qadağan olunaraq, yəni “milliləşdirərək” kolxozlara və sovxozlara veriləndən bəri, onu özümüzünkü saymırıq. Onun nazı ilə oynayıb, onunla danışmırıq. Biz onunla öz aramızda aşılmaz divar hörmüşük. Biz Afaq xanımın dediyinə niyə əsəbləşək ki? “Görüş” filmində xanımların pambığa gedəndə, bəylərin çayxanada oturub domino oynaması elə bizim öz əksimiz deyilmi? Biz maldarlığı, əkinçiliyi, pambıqçılığı aşağı səviyyəli məşğulluq sayaraq, şəhərlərə axın etmədikmi? Torpaq sevgisini şəhərin çirkli asfaltına dəyişib, “kəndçi”,”kəndli” adlarını özümüzə təhqir saymadıqmı? Afaq Bəşirqızını anlamaq istəmədik. Çünki anlamaq məsuliyyət deməkdir. Biz isə məsuliyyətdən qaçırıq. Həyatımızın özümüzdən asılı olmasından qorxuruq. Yazıq obrazına girərək, insanlardan yardım istəyib yaşamağın daha rahat olduğunu düşünürük.

Anlamamaq bəzən işimizə yarayır...

Anlamadıqlarımız arasında tək Afaq Bəşirqızının fikirləri deyil. Biz deyəsən dövlətin dəstəyini də düzgün anlamadıq. Birdən birə “kasıbların” sayı artı. Hamı işsiz, hər kəs ac oldu. Dövlətlə insan arasında möhkəm və sağlam körpülərin qurulduğu bir vaxtda, işsizlərin sayı niyəsə bildiyimizdən də çox oldu. Çünki evimiz anamızın, bağımız qızımızın, şirkətimiz isə sürücümüzün adınadır və əsl gerçəyi rahatlıqla gizlədirdik. Gəlirimizin yolları isə sirr kimi saxlanılırdı. Bəzilərimiz bu günə kimi oynadığımız oyunları, indi dövlət hesabına davam etmək arzusundayıq.

Boyun qaçıranlar arasında deputatı da var, məmuru da, sahibkarı da var...

Covid-19 virusuna yoluxan dünya ilk olaraq bir qərar verdi: yaşlılar evdən çıxmasın. Yaşlıların hər kəsdən çox diqqətə, qayğıya ehtiyacı olduğu bir vaxtda, deputat seçkilərində az qala ayaqlarını öpməyə razı olan namizədlər bu dəfə onların evinin kandarında belə, görsənmədilər. Hündür hasarla hörülən bağlarında rahat, ailəsi ilə kababını dişinin dibinə çəkən millətimin vəkili, qayğıkeş deputat obrazından çıxaraq, həmişə olduğu kimi ancaq özünü düşündü. Ölkəmin məmuru millətin çətin vəziyyətində əgər ki, öz mağarasından çıxmağı özünə rəva bilmirsə, boş qalan meydanda cəmiyyət üçün “virus” olanlar qalacaq. 

Karantin rejimi əbədi deyil, bu dönəmdə dövlət də bacardığını edir. Çətin vaxtda işsizlər üçün ayırdığı 190 manat son deyil, zərər çəkən hər kəsə dəstəyin davam edəcəyi bəyan edilib. 190 manatın ətrafında bir tikə çörək üçün gündəlik işləyən binəva insanlar susdu, hay-küyü milyonlarından bir manatı qıymayanlar saldı. Bəlkə susmayıblar, bağırırlar, biz eşitmirik? Bəlkə eşidirik, amma anlamırıq? Bəlkə bu qədər səs-küyün içərisində səsləri aydın eşidilmir. Covid-19 dönəminin boşboğazları aman vermir ki, əsl məzlumların səsini duyaq, köməklərinə çataq. Batan bizneslər, itirdikləri mülklər, restoranlar, mağazalar ac qalan bircə körpənin yanında heç nədir!

Anlamırıq!

Zamanın həssaslığından istifadə edərək, bu günə kimi tənbəliyi ucbatından çalışmaqdan imtina edən, evinə bir manat gətirməyi ağlından keçirməyən, vaxtını torpaq becərməklə yox, tində onun-bunun həyatını müzakirə etməklə keçirən bivec heç bir şəkildə dövlətdən 190 manat tələb etməməlidir! Dövlət də kimlərisə öz məsuliyyətsizi ucbatından düşdüyü vəziyyətdən çıxarmağa məcbur deyil!

Yuxarıda Tomaşdan danışmışdım, Kunderanın qəhrəmanı ölkəsinin azadlığı naminə mövqe qoydu, buna görə işini itirdi, amma işsiz qalmadı. Şəhərdə evlərin pəncərəsini yuma işinə başladı və praqalılar onun bu əməyini mükafatlandırdı, ona pəncərə yudurtmadılar, çay verdilər, ödəniş etdilər. Sonra Tomaş peşəkar həkim olsa da, kəndə getdi, torpağa bağlandı, fermerlik etdi. Bir qarın yemək üçün məsləyini, ölkəsini unutmadı. Qəzada öləndə çox xoşbəxt idi, bəlkə İsveçrədə adlı, sanlı həkim kimi qalsa idi və ölkəsinə qayıtmasa idi bu qədər xoşbəxt olmazdı. Tomaş ən çətin günlərdə yaşamaq və var olmaq nümunəsi oldu.

Hər kəsin ümumbəşər problemi ətrafında sıxlaşdığı vaxtda bizə Tomaş kimi nümunə olacaq kəsi axtarırıq. Güvənə biləcəyim nümunələrin isə gözümüzün önündə divar kimi uçulmasını görmək gələcəyə ümidimizi və yaşamaq istəyimizi azaldır. Bütün qəliblərini sındıraraq bizə “bizdən” biri lazımdır...

 

Mələk Heydərova

BAKU.WS