SİZİN REKLAM BURADA!
055 213 76 73


Vətən Müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərmiş və şəhadət məqamına yüksəlmiş hərbçilərindən biri də Abdullayev Nurlan İnqilab oğludur. Aprel döyüşlərinin də iştirakçısı olmuş qəhrəman hərbçimiz 44 günlük müharibə zamanı canını Vətənə fəda edib.

Abdullayev Nurlan 1992-ci il 26 yanvarda Beyləqan rayonunda anadan olub. O, 1999-cu ildə Beyləqan rayonu N.Allahverdiyev adına 1 saylı orta məktəbə daxil olmuş və 2010-cu ildə bitirmişdi.

BAKU.WS xəbər verir ki, Nurlan Abdullayev 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Tərtər rayonu istiqamətində ön cəbhəyə müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidməti bitirdikdən sonra 2014-cü ildə könüllü olaraq Beyləqan rayonunda MAXE hərbi qulluqçu kimi ordu sıralarına qoşulmuşdu. 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə də iştirak etmişdi.

Azərbaycan Ordusunun çavuşu olan Nurlan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətindəki gedən döyüşlərdə iştirak edib. Nurlan Abdullayev sentyabrın 30-da Füzuli rayonu Kənd Horadiz istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Beyləqan rayonu, Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Şəhidin 1 qız övladı yadigar qalıb.

Orxan Hüseyn
BAKU.WS
VİDEO

QALEREYA