SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Prezident İlham Əliyev bir sıra ərazilərimizin işğaldan azad olunması ilə bağlı “Twitter” hesabında paylaşım edib.

İşğaldan azad edilən kəndlərdən biri də Qaçaq Nəbinin vətəni, Qubadlı rayonunun Aşağı Mollu kəndidir.

Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda qaçaq hərəkatının fəal iştirakçısı Qaçaq Nəbi bu kənddə doğulub.

Zəngəzur və Naxçıvanda qorxmadan partizan müharibəsi aparan Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonunda) anadan olub.

1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olub.

Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənir.

İşğaldan azad olunan Qubadlının Yuxarı Mollu kəndində isə Qaçaq Nəbinin həyat yoldaşı Həcər xanım doğulub.

Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparıb.

Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdlu verir. Yerli mülkədar kəndlilərin torpaqlarını tutmaq istəyirdi. Nəbi buna dözməyərək mülkədara müqavimət göstərir. Bundan sonra qaçaq düşür.

Özü kimi narazı kəndlilərdən dəstə düzəldir. Onun dəstəsi Naxçıvan və Zəngəzur qəzalarında qaçaqlıq edir. O, kəndliləri zülmkarlardan müdafiə edirdi. Mülkədarların var-dövlətini alaraq kəndlilərə paylayırdı. Arvadı Həcər də Qaçaq Nəbinin silahdaşı idi.

Çar hökuməti 20 il Qaçaq Nəbini dəstəsini məhv etməyə çalışıb. Lakin məqsədinə nail ola bilməyib. Sonda 1896-cı ildə martın 12-də satılmış iki xain qəflətən Nəbiyə hücum edərək onu öldürüb.

BAKU.WS