Sosial şəbəkədə narkotik vasitə istifadəsi ilə bağlı görüntülər yayıldı: DİN hərəkətə keçdi - VİDEO
Son günlər sosial şəbəkələrdə narkotik vasitə istifadəçilərinin, eləcə də narkotik vasitələrin satışı ilə məşğul olan səhifələrlə bağlı məlumatlar tirajlanır.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, mövcud vəziyyət cəmiyyətdə ciddi narahatlıqlara səbəb olub.
Sosial şəbəkədə yayılan daha bir videoda iki nəfər şəxsin yaşayış binasının blokunda narkotik vasitə qəbul etdiyi görülür. Bina sakinləri isə mövcud vəziyyətdən narahat olsalar da vəziyyətə müdaxilə etməkdən qorxurlar.
Belə ki, psixotrop maddələrin təsiri altında olan şəxslərin onlara bildirilən irada nə cür reaksiya verəcəklərini təxmin etmək çətin olsa da, riskli olduğu dəqiqdir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, sosial şəbəkələrdə qeyd edilən videolarla bağlı daim Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən monitorinqlər aparılır.
Onun sözlərinə görə, ümumiyyətlə, son dövrlərdə polis əməkdaşları tərəfindən ayrı-ayrı səhifələr vasitəsilə narkotik vasitə satan şəxslərə qarşı mübarizə tədbirləri daha da gücləndirilib:
“Təsadüfi deyil ki, 2021-ci ilin 6 ayı ərzində sosial şəbəkədə narkotik vasitələr satan 79 qrupun üzvü olan 197 nəfər saxlanılaraq barələrində istintaq araşdırmaları aparılıb.
Bu dövrdə təkcə sosial şəbəkələrdə narkotik dövriyyəsi ilə məşğul olan şəxslərdən 500 kq-a yaxın narkotik vasitə, 100 kq-dan artıq psixotrop maddə, həmçinin narkotik vasitə istifadəçiləri arasında “patı şüşə” adlanan psixotrop maddə olan metamfetamin aşkar olunub.
Bütün bunlar yalnız sosial şəbəkə üzərindən narkotik vasitə satan şəxslərdən aşkar edilib”.
A.Qafarov onu da qeyd edib ki, sosial şəbəkələrdə narkotik vasitələr təklif edən səhifələr əsasən əksər hallarda xarici ölkələrdə yaradılaraq idarə edilir:
“Həmin şəxslər ölkə daxilində özləri üçün narkokuryerlər tapmaq məqsədilə narkotik vasitələrin onlayn satışını təşkil edirlər.
Polislər tərəfindən ölkə daxilində narkotik vasitələr satan, narkotacirlərin şəbəkəsinə daxil olan narkokuryerlər müəyyən edilərək məsuliyyətə cəlb edilirlər.
Ölkəmizdə xaricdəki narkotacirlərlə iş birliyinə girən şəxslər elə bilməsin ki, saxta profillər açaraq onlayn yollarla narkotik vasitələrin satışını həyata keçirməklə məsuliyyətdən yayına biləcəklər.
DİN-in əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində ölkə daxilində narkokuryerlər və narkotik vasitə satan şəxslərin kimlikləri müəyyən olunaraq onlar barəsində tədbirlər görülür və bundan sonra da qətiyyətli mübarizə tədbirləri davam etdiriləcək.
Bununla yanaşı narkotik vasitələrlə, psixotrop maddələrlə mübarizə polis əməkdaşlarının vəzifə və vətəndaşlıq borcudur.
Lakin anti-narkotik təbliğat işində biz ictimaiyyət nümayəndələrindən və sosial şəbəkənin aktiv istifadəçilərindən, eyni zamanda incəsənət adamları, eləcə də din xadimlərindən vətəndaşlıq mövqeyi gözləyirik.
Bu bəla ilə mübarizədə hər kəsdən vətəndaşlıq mövqeyini ortaya qoyaraq polis əməkdaşlarına kömək olmalarını xahiş edirik.
Həmçinin sosial şəbəkə istifadəçilərindən də xahiş edirik ki, onlayn qaydada narkotik vasitə satışı ilə məşğul olan səhifələrlə rastlaşdıqları təqdirdə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə, eləcə də Daxili İşlər Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət etsinlər.
Eyni zamanda aktiv sosial şəbəkə istifadəçiləri xaricdən idarə edilməklə onlayn yolla narkotik satışı həyata keçirən səhifələr gördükdə həmin səhifələri şikayət etməklə onların fəaliyyətinin dayandırılmasına köməklik göstərmələrini xahiş edirik”, - deyə polis mayoru A.Qafarov sonda qeyd edib.
Oxşar xəbərlər
Sosial şəbəkələrdə “patı” və “şüşə” satan narkotacirlər saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələ...