Arvadını və onun bibisini öldürən şəxs ömürlük həbs edildi - VİDEO
2019-cu il oktyabrın 16-da paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsindəki 22 ünvanındakı evdə qətl hadisəsi baş verib. Dərhal əraziyə prokurorluq əməkdaşları cəlb edilib. Darvazadan həyətə daxil olanda, tiyəsi olmayan qara rəngli bıçaq dəstəyi, evin girişinin qarşısından 1 m. məsafədə üzərində, yanıq və kəsilmiş-deşilmiş xəsarətlər olan qadın meyiti aşkar edilib.
BAKU.WS BAKU Tv-yə istinadən xəbər verir ki, baxışda iştirak edən Xəyalə İsmayılova bildirib ki, meyit Təranə İsmayılovaya məxsusdur.
Qapıda və döşəmədə qanabənzər ləkələrin olması müəyyən edilib. Əməliyyat məlumatına görə, cinayəti törədən Vaqif Hüseynov hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub və o, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Xəstəxanaya yollanan Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşlarına məlum olub ki, Hüseynova müvafiq tibbi yardım göstərilib və o, sağdır. Binəqədi Rayon Prokurorluğunda CM-nin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Luiza İsmayılovanın ölümünə yanıq xəsarətləri fonunda sol ağ ciyərin, Təranə İsmayılovanın isə ürəyin və hər iki ağ ciyərin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaralarının törətdiyi kəskin qanitirmə səbəb olub.
İstintaqla müəyyən edilib ki, Vaqif Hüseynov qeyri-rəsmi ər-arvad münasibətində olmuş və hadisədən bir neçə gün əvvəl münasibətlərinə son qoymuş Təranə İsmayılovanın ona xəyanət etməsini güman edib. Həmçinin sonuncunu himayə etməklə yanında böyütmüş bibisi Luiza İsmayılovanın onların bir yerdə yaşamasına mane olması ilə bağlı hər ikisini qisas məqsədi ilə öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək üçün oktyabrın 16-da Binəqədi-Novxanı yolunda yerləşən yanacaqdoldurma məntəqəsində yanacaq məhlulu alaraq 5 litrlik su qabına doldurub. Daha sonra bıçaq və alışqanla silahlanaraq evə yollanıb.
Evdə fiziki qüsuru ilə bağlı köməksiz vəziyyətdə olmaqla, ona müqavimət göstərmək imkanında olmadığını dərk etdiyi 67 yaşlı Luiza İsmayılovanın üzərinə yanacaq məhlulunu töküb. Yaşlı qadın özünü qorumağa çalışarkən bıçaqla döş qəfəsinə 7 dəfə zərbə vuraraq onun müqavimətini qırıb. Qəddarlıq göstərməklə sonuncunu diri-diri yandırmaq məqsədi ilə yanacağın bir qisminin töküldüyü xalçaya alışqanla od vurub. Təranə İsmayılova kömək etmək üçün bibisinə yaxınlaşdıqda bıçaqla onun döş qəfəsinə və digər nahiyyələrinə 6 dəfə zərbə endirib. Bu hərəkətləri ilə Vaqif Hüseynov xüsusi amansızlıqla iki şəxsi qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Vaqif Hüseynov bildirib ki, 2018-ci ilin avqustunda evləndikdən sonra, 2 ay Təranə İsmayılova ilə Binəqədi şossesində, ünvansız fərdi evdə kirayə yaşayıblar. Bu müddətdən sonra Təranə bibisi Luizaya baxmaq üçün sonuncunun evinə qayıdıb.
Ailədaxili mübahisələr baş verdiyindən 1 ay sonra Vaqif Luizanın evindən təxminən 300 metr aralıda kirayə ev tutub. Ayrı evə çıxdığı gündən Təranə ilə, demək olar ki, hər gün telefonla danışıb. Bibisi ilə qardaşı Ramil Təranəyə onunla barışmağına və birgə yaşamağına icazə vermədiklərini deyiblər. Buna baxmayaraq, Təranə onunla əlaqəni kəsməyib və gizlicə onunla görüşüb. Növbəti dəfə oktyabrın 4-də Masazır qəsəbəsində kirayə ev tutub. Ayın 13-də istifadəsindəki mobil telefondan ev telefonlarına zəng edəndə dəstəyi götürən Təranə danışa bilmədiyini deyib. Danışıq zamanı kənar səslərdən yoldaşının cinsi əlaqədə olduğundan şübhələnib və sonra tanımadığı şəxs telefonu götürərək onun əvəzinə arvadı ilə olduğunu bildirib. Həmin şəxsi söyərək telefonu qadına verməsini istəyib. Arvadı ünsiyyətlərinin qurtardığını, bu səbəbdən özünün nə istəsə, onu da edəcəyini deyib.
Cinayəti törətməkdə istifadə etdiyi əşyaları aldıqdan sonra Luiza İsmayılovaya zəng etdikdə qadın telefona cavab verən kimi ünvanına söyüş söyüb və bununla da əlaqə bitib. Axırıncı telefon danışığından sonra sakitləşə bilməyib və onları öldürmək üçün evlərinə tərəf gedib. Evin dəhlizinə daxil olanda mətbəxdə Ramilin arvadı Xəyaləni görüb, ondan ərinin harada olmasını soruşub. Xəyalə cavab olaraq nə isə desə də, başa düşməyib. Torbadan çıxartdığı qabın qapağını açaraq, çarpayıda oturan Luizaya tərəf gedib. Yaxınlaşdıqda qadın təhqirlə niyə gəldiyini soruşub. O, yanacağı Luizanın üzərinə səpib və qabı masanın yanına tullayıb. Qadın qışqıraraq “onun evi yandırmaq istədiyini” bildirib.
Bu zaman kimsə onu arxadan vurub. Çevrilib baxanda Xəyaləni görüb, sonuncu dərhal evdən çölə çıxaraq qaçıb. Luiza çarpayının qarşısındakı masanın altına yıxılıb. O, bıçağı cibindən çıxararaq qadının müxtəlif nahiyələrinə zərbələr vurub. Alışqanı yandıraraq yerdə olan xalçaya tərəf tutub. Bir neçə saniyə ərzində alov Luizanı bürüyüb və o, qışqırmağa başlayıb.
Təranə həyətdən evə girərək bibisinə yaxınlaşıb, qucaqladıqda alov ona da keçib. Vaqif bıçaqla həyat yoldaşına bir neçə zərbə endirib. Alətin sapı əlində qalıb, tiyəsi isə yerindən qopub.
Evin qapısına doğru gedərkən qarşısına qonşuluqda yaşayan Deyhun Həsənov çıxıb. Sağ əli ilə sifətinə yumruq vuraraq həyətin girişinə tərəf qaçıb. Darvazaya çatanda bıçağın sapını yerə ataraq qapıdan çıxıb və yamacdan aşağı tullanıb. Üzü aşağı olduğu üçün müvazinətini itirib və yuvarlanaraq avtomobil yoluna yıxılıb. Həmin an onu avtomobil vurub. Ayağa qalxaraq magistral yolla şadlıq sarayı istiqamətində yolu keçmək istəyərkən bu dəfə onu sərnişin avtobusu vurub. Bundan sonra huşunu itirib, özünə gəldikdə ətrafda olan adamların onu yolun əks tərəfindəki avtobus dayanacağına tərəf apardıqlarını başa düşüb. Təcili tibbi yardım avtomobili onu Kliniki Tibbi Mərkəzə aparıb.
Vaqif Hüseynov əlavə edib ki, öldürmək məqsədi ilə qadınlara bıçaqla xəsarətlər yetirib. Luiza İsmayılova ailəsini dağıtdığından və onun ailə üzvlərini təhqir etdiyindən yandıraraq ondan acığını çıxıb. Zərərçəkmiş şəxsin hüquqi varisi Ramil İsmayılov ifadəsində göstərib ki, oktyabrın 16-da səhər işi ilə əlaqədar evdən çıxıb. Günorta saatlarında həyat yoldaşı telefonu açaraq “tez evə gəlməsini” deyib. Həyətə daxil olanda girişdə yanmış vəziyyətdə Təranə İsmayılovanın, evin dəhlizində isə Luiza İsmayılovanın yanmış meyitlərini görüb. Ramil İsmayılovun sözlərinə görə, bacısının Vaqif Hüseynovdan başqa kiminləsə yaxın münasibəti olmayıb.
Təqsirləndirilən şəxsin arvadı barədə istintaqa söylədikləri yalan və böhtandır. Məhkəmə iclasında Vaqif Hüseynov özünü təqsirli bilməyib. İstintaqda verdiyi ifadənin düzgün olmadığını, hadisə yerindən qaçarkən onu 2 dəfə avtomobil vurması nəticəsində xəstəxanada huşsuz vəziyyətdə olmasını və anlaqsız vəziyyətdə ifadə verdiyini bildirib.
Məhkəmə Vaqif Hüseynovun CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vaqif Hüseynov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Qalereya
Oxşar xəbərlər
"Telefonu aldı, arvadımla yataqda olduğunu dedi" - BAKIDA ŞOK HADİSƏ
Bakıda iki nəfəri qətlə yetirməkdə ittiham olunan 1971-ci il təvəllüdlü Bərdə rayon sakini Vaqif Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS...