SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir rayonunun Xuluf kəndində kiçik toy mərasimi keçirmək cəhdi kəndin icra nümayəndəsinin işdən azad olunması ilə nəticələnib.

Bu barədə BAKU.WS-in bölgə müxbirinə Şəmkir rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, insanların sağlamlığının qorunmasına yönəlmiş görülən işlərə xələl gətirənlərlə bağlı isə qanunamüvafiq ciddi tədbirlər davam etdirilir.

Xuluf kəndində, evinin həyətində övladı üçün kiçik toy məclisi təşkil etməyə cəhd edən kənd sakini Əkbər Qəribov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cəzalandırılıb.

Ev sahibi məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib, məclisdə iştirak edən qonaqlar isə hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat həddində cərimə ediliblər.

Şəmkir RİH başçısının Xuluf kənd icra nümayəndəsi Həsənov Süleyman Mikayıl oğlu həmin hadisə ilə əlaqədar RİH başçısı yanında Operativ Qərargaha vaxtında məlumat verə bilmədiyinə, zamanında təsirli tədbirlər görüb sakinlər tərəfindən epidemiya əleyhinə rejimin pozulması halının qarşısını ala bilmədiyinə, işində verdiyi nöqsanlara görə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə dərhal işdən azad edilib, nümayəndəliyin müavini və mühasibinə isə xidməti töhmət verilib.

BAKU.WS