Bu gün onun dəfnindən 7 gün keçirir. Lakin ailəsi hələ də ölümünə inanmır. Hərbi Hava Qüvvələrimizin (HHQ) MİQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin Samux rayonunun Alabaşlı kəndində yas mərasimi keçirilib.

BAKU.WS-in məlumata görə, Rəşadın atası APA TV-yə deyib ki, hadisə baş verən zaman Rəşad 6 saniyə özündə olub. O istəyib ki, təyyarəni nizama salsın, texnikanı xilas etsin.

Rəşad 7 yaşına qədər Alabaşlı kəndində atasının yanında böyüyüb. Sonra da nənəsinin yanında - Şəmkir rayonun Qılıncbəyli kəndində məktəbə gedib.

Orta məktəbi yaxşı qiymətlərlə başa vuran Rəşad Heydər Əliyev adına Hərbi Akademiyaya daxil olub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında o da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Rəşad diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb. Alabaşlı kəndində keçirilən yas mərasimində Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, rayon ictimaiyyəti və kənd sakinləri iştirak edib.

Saləddin Atakişiyev deyir ki, Rəşadın axtarışları zaman hava şəraiti də çətinliklər yaradıb. Lakin havanın qeyri sabit keçməsinə baxmayaraq, hər gün axtarışlar davam edib. Rəşadın ortancıl qardaşı Elşad deyir ki, Rəşad əsl qardaş idi. O tək bizim yox, xalqımızın oğlu idi. Elşadın sözlərinə görə, qardaşı kəfən əvəzinə bayrağı seçib.

Rəşad vətəni canından üstün tutub, torpağı özünə doğma seçib. Qeyd edək ki, hərbi təyyarə iyulun 24-də, gecə, təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb. Onun nəşi avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Mərhum Hərbi Hava Qüvvələrinin ən peşəkar pilotlarından olub. Atakişiyev Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxışı ilə yadda qalıb.
BAKU.WS
VİDEO