SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Ağır Cinayətlər Məhkəməsinə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən hadisə baş verən ərazinin sahə inspektoru Zaur Qasımov bildirib ki, hadisədən əvvəl də zərərçəkmiş Aynur Rzayeva keçmiş həyat yoldaşı ilə aralarındakı problemə görə ona müraciət edib.

Buna görə də protokol tərtib edilib, Zaur Rzayevə xəbərdarlıq olunub.

Sahə inspektoru deyib ki, hadisə günü Zaur Rzayev ona zəng edərək keçmiş yoldaşını bıçaqladığını söyləyib.

Təqsirləndirilən Zaur Rzayev də deyilənləri təsdiqləyib. O bildirib ki, hadisədən sonra polisə təslim olub.

Hakim məhkəmə istintaqının başa çatdığını elan edib. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses iyulun 8-də davam edəcək.

İttihama görə, hadisə paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən "Stil" gözəllik salonunda baş verib.

1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu keçmiş həyat yoldaşı 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızına 12 bıçaq zərbəsi vurub.

O istintaqa bildirib ki, boşandığı arvadı ilə telefonla danışarkən kişi səsi eşidib.

Bundan əsəbiləşən Z.Rzayev arvadının işlədiyi salona gələrək, ona 12 bıçaq zərbəsi vurub. Qadın çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona Cinayət Məcəlləsinin 29, 120.2.4-ci (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
BAKU.WS