SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağcabədi rayon Boyat kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində iki nəfər zəhərlənib. 

BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, hadisə gecə saat 1 radələrində baş verib. 

Məntəqənin yanacaq saxlama anbarına düşən iki nəfər huşsuz halda yıxılıb qalıb. Onlardan biri məntəqənin işçisi, digəri isə onu anbardan xilas etməyə çalışan məntəqə sahibi olub.

Ərazidə xidmət aparan Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları, polis serjantları Elman Təhməzov və Nəriman Əliyev izdihamın olduğu yerə yaxınlaşaraq mövcud vəziyyəti öyrəniblər. Vaxt az, həmin şəxsləri isə oradan xilas etmək həddən artıq riskli görünürdü. Buna baxmayaraq polis əməkdaşları zəhərli qazla dolmuş anbarın içərisinə daxil olaraq huşsuz halda yıxılıb qalmış vətəndaşları oradan sağ-salamat çıxarmağa nail olublar.

Vətəndaşları xilas edən zaman polis əməkdaşları özləri də zəhərlənərək huşunu itirib. Daha sonra kənd sakinlərinin köməkliyi ilə onlar təcili tibbi yardım vasitəsi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırlıblar.

Həkimlərin səyi nəticəsində həm vətəndaşların, həm də polis əməkdaşlarının həyatını xilas etmək mümkün olub. Hazırda onların vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarının səhhəti yaxşılaşdıqdan sonra ilk soruşduqları şey vətəndaşların vəziyyəti olub. Ağcabədi rayon Şərəfxanlı kənd sakinləri Tofiq Cəfərov və Əmrah Əliyev onları xilas edən polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.
BAKU.WS
QALEREYA