Ali Məhkəmədə azyaşlı uşağın ölümündə günahlandırılan Lalə İsrafilovanın barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

BAKU.WS
 report-a istinadən xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorluğun kassasiya protesti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2017-ci il may ayının 9-da Quba rayonunun Bərqov kəndində baş verib. Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafazadə Fuad Həbib oğlu ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü İsrafilova Lalə Həsən qızının həyətinə icazəsiz daxil olub. Azyaşlı həyətdəki gülləri yolub, L.İsrafilova bunu görüb və uşağın həyətdən çıxmasını istəyib. Uşaq həyətdən çıxmadığı üçün o, uşağı qovub. F.Mustafazadə qadından qorxaraq həyətdən qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

L.İsrafilovanın barəsində Cinayət Məcəlləsinin (CM) 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. L.İsrafilova məhkəmə zalından həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə L.İsrafilovanın əməli CM-nin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsüf edilib və qadına şərti cəza verilib. O, məhkəmə zalında azadlığa buraxılıb.

BAKU.WS