SİZİN REKLAM BURADA!
055 213 76 73



654 min dollara üç mənzil almaq istəyən deputatın vətəndaşlar və şirkətlə məhkəmə çəkişməsi davam edir. Sonuncu məhkəmədə məlum olub ki, işdə adı keçən tikinti şirkətinin bina inşa etdiyi ərazi iş adamı İsgəndər Xəlilova məxsusdur.

BAKU.WS-in musavat.com-a istinadən verdiyi məlumata görə, Milli Məclisin deputatı İqbal Məmmədov 654 min dollar verib almaq istədiyi üç mənzilə görə məhkəmə mübarizəsini davam etdirir.

Deputat bir məhkəmə işini başa çatdırmamış, daha bir məhkəmə iddiası qaldırıb.

O, paytaxtın Xətai rayonunun sakinləri ilə məhkəmədə çəkişir. Deputat vətəndaşlardan evini tələb edir.

İ.Məmmədov əvvəlcə 2008-ci ildə Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanındakı binada üç mənzili ona satmış “STS” tikinti şirkətini və binanı inşa etmiş “Sahil-D Company”ni məhkəməyə vermişdi.

Bu işlə bağlı Xətai Rayon Məhkəməsi belə nəticəyə gəlib ki, İqbal Məmmədov pulu “STS”ə ödədiyinə görə 654 min dollar bu şirkətdən alınıb ona qaytarılmalıdır.

Lakin deputat razı deyil. Pulu yox, hazırda başqa adamların yaşadığı mənzilləri tələb edən deputatı qane olmayıb. Ona görə də qərardan apellyasiya şikayəti verib. İş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.

Deputat almaq istədiyi üç mənzildə yaşayanlara qarşı da iddia qaldırıb. Bu işə hazırda Nərimanov Rayon Məhkəməsində hakim Abbas Əliyev baxır.

Məhkəmədə deputat özü iştirak etməyib.

Deputatın nümayəndəsi deyib ki, “STS” şirkəti ilə “Sahil-D Company”nin adları fərqli olsa da, demək olar ki, eyni şirkətlərdir. Nümayəndə bildirib ki, onların hüquqi ünvanları da eynidir.

Deputatın nümayəndəsi çıxışında qeyd edib ki, mübahisəli mənzillərdə yaşayan sakinlərin özlərinin binanı inşa edən “Sahil-D Company” ilə müqavilə bağlayıb ev almaları, deputatın isə səlahiyyəti olmayan “STS” şirkətinə pul verməsi haqda arqumentləri əsassızdır.

Onun fikrincə, o adamlarla bağlanmış müqavilə etibarsız hesab olunmalı, evlər İqbal Məmmədovun mülkiyyətinə verilməlidir.

Məhkəmədə “Sahil-D Company”nin təmsilçisi isə deyib ki, müqavilənin özündəki tərəflər onu mübahisələndirmirsə, deməli, etibarsızlığından da söhbət gedə bilməz.

Deputatın tələb etdiyi mənzillərdən birinin sahibi Sərdar Əliyevin nümayəndəsi vəkil Bəxtiyar Hacıyev çıxışında bildirib ki, deputat bu məsələni mübahisələndirmək üçün iddia müddətini ötürüb.

"İkincisi, bu mənzil Sərdar Əliyevin mülkiyyətində ola-ola səlahiyyəti olmayan “STS” şirkəti onu İqbal Məmmədova satıb. Ona görə də məsuliyyəti qanuni yolla mülkiyyətə sahib olmuş vətəndaşlar yox, “STS” şirkəti daşımalıdır. Əslində, İqbal Məmmədovla “STS” şirkəti arasında bağlanmış müqavilə etibarsız hesab olunmalıdır"-deyə vəkil qeyd edib.

B.Hacıyevin vəsatətindən məlum olub ki, sözügedən binaların ərazisi iş adamı İsgəndər Xəlilovun rəhbərlik etdiyi “ISR Holding”ə məxsus imiş:

“Birgə fəaliyyət haqqında müqavilədən və Bakı şəhər İcra Hakimiyyətinin sərəncamından görünür ki, binanın ərazisi “İSR Holding”ə, o ərazidə binaların tikilməsi və mənzillərin satılması hüququ isə yalnız “Sahil-D Company” MMC-yə məxsusdur. Amma Xətai Rayon Məhkəməsinin hakimi Səadət Səlimova da müəyyənləşdirib ki, hörmətli millət vəkili əmək haqqı ilə topladığı 700 min dollara yaxın pulu “STS” şirkətinə ödəyib. Əsas məsələlərdən biri də budur ki, əqdin etibarsız hesab edilməsinə dair məhkəmələrin tətbiq etdiyi iddia müddəti də keçib. Ona görə də İqbal Məmmədovun iddiası təmin olunmamalıdır”.

Məhkəmənin bu vəsatətlə bağlı qərarı sentyabrın 5-də keçiriləcək növbəti iclasda məlum olacaq.

Deputatın tələb etdiyi mənzillərin sahibləri məsələ ilə əlaqədar prezidentə də müraciət ediblər.

BAKU.WS