SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo "nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, C.Hacıyevin vəkilləri vəsatət verərək Beynəlxalq Bankdan ayrılan kreditlər üzrə daxili layihələrə faktiki olaraq rəhbərlik edən keçmiş deputat Dünyamin Xəlilovun və xarici layihələrə rəhbərlik edən Xəqani Bəşirovun şahid kimi məhkəməyə çağırılmasını istəyiblər:

"Akif Əliyev və Emin Mustafayev həmin layihələrdə iştirak ediblər, lakin məhkəmədə heç nədən məlumatlı olmadıqlarını dedilər. Dünyamin Xəlilov saxlanıldığı 1 saylı Bakı Istintaq Təcridxanasından gətirilə bilər. Avropa Konvensiyasına görə Lüksemburq ofisində çalışan Xəqani Bəşirov da qanunauyğun olaraq gətirilə bilər".

C.Hacıyev istintaqın aparılmasından da narazılığını bildirib: "Cənab hakim, siz hüquqşünassınız, bu isə maliyyədir. Gəlin sizə arayış verim. İstintaq 2008-2015-ci illərdə manatla verilən kreditləri həmin dövrün məzənnəsi ilə dollara çevirib, sonra isə bugünkü məzənnə ilə hesablayıb. İki dəfə devalvasiya olduğu üçün rəqəmlər şişib. Bu düzgün deyil. Heyf ki, indi kalkulyatorum yoxdu, olsaydı hesablayardım. Siz kalkulyator götürün, mənlə birlikdə hesablayaq".

Hacıyevin vəkili Aqil Layıcov deyib ki, Zamirə Hacıyeva, Leyla Yüzbaşova (Mahmudova), Zara Yüzbaşova və Cahangir Hacıyevin Kapital Bankla müqavilələri əsasında satılan səhmlər kredit kartlarının borcunun ödənilməsinə yönəldilməli idi: "Maliyyə Nazirliyi bu əməliyyatı həyata keçirməyib. Kartların borcu yoxdur. Kartlar barədə mediada yayılan məlumatlar Maliyyə Nazirliyinin qara piarıdır".

C. Hacıyev də qeyd edib ki, qızı Leyla Mahmudovanın ümumiyyətlə kredit borcu olmayıb: "Bilmirəm onun adını niyə yazıblar. Istintaqın cəsarəti çatırdısa, kredit verilən başqa adamların da adını yazardı".

Maliyyə naziri Samir Şərifovun şahid kimi məhkəmədə dindirilməsi barədə təkrar vəsatət verilib.

C.Hacıyevin vəkili A.Layıcov türkiyəli iş adamı Bülənt Haraminin və Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev şahid qismində çağırılmasını istəyib: "Bu şəxs istintaqa ifadəsində elə adlar çəkdi ki, müstəntiq o adamlardan çəkindiyi üçün onları çağırıb dindirmədi. Həmin epizod üzrə ayrılan pullar "Azərinşaata"a verilib. Mayis Piriyev isə Cahangir Hacıyevin ölkədən 5 milyard dollar çıxarması haqda açıqlama verib. Gəlsin bu barədə suallara cavab versin".

Dövlət ittihamçısı vəsatətlərə münasibət bildirərək vəsatətlərin təmin edilməməsini xahiş edib: "Mən Cahangir Hacıyevin vurduğu ziyanı hesablamaq üçün 3 gün vaxtım getdi. Ancaq hesablayıb qurtara bildim. Dünyamin Xəlilov da, Cahangir Hacıyev də istintaqa ifadəsində yaxın dost olduqlarını təsdiqləyiblər. Dünyamin Xəlilov gəlib dostunu müdafiə edəcək. Mayis Piriyevlə bağlı məsələnin isə bizim cinayət işinə heç bir aidiyyatı yoxdur".

Prosesdə fasilə elan olunub.
 
BAKU.WS