Azərbaycanda xəstəxanada daha bir uşaq ölümü faktı qeydə alınıb.

Məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Ləj kənd sakini, 1 yaş 4 aylıq Əli Aqil oğlu Rəhimov səhər saat 5 radələrində ağır vəziyyətdə xəstəxananın Uşaq xəstəlikləri şöbəsinə gətirilib. Ancaq körpə xəstəxanada dünyasını dəyişib. Xəstəxananın Uşaq xəstəlikləri şöbəsinin həkimi Südabə Əliyeva bildirib ki, xəstəyə bütün yardımlar göstərilib və görülən tədbirlər xəstəlik tarixçəsində öz əksini tapıb: "Xəstə kəskin respirator viruslu infeksiya, iki tərəfli bronxopnevmaniya, kəskin ağ ciyər ödəmi, kəskin ürək-damar, eləcə də 3-cü dərəcəli tənəffüs çatışmazlığı vəziyyətində olub".

BAKU.WS bildirir ki, körpənin ailə üzvləri məsələ ilə bağlı aznews.az-a açıqlama verib. Əlinin anası Səbinə Rəhimovanın sözlərinə görə, övladının heç bir xəstəliyi olmayıb: "Həkimlər yalan deyir, uşaq sağlam idi. Evdə olanda uşaq udquna bilmədi, tez apardıq xəstəxanaya. Xəstəxanada baxdılar ki, nəfəs çatışmazlığı var. Tez süni nəfəs aparatına qoşdular. Nəfəs aparatı qoyulan kimi uşaqda göyərmə baş oldu. Az sonra həkim gəldi ki, uşaq ölüb". 

Körpənin adının çəkilməsini istəməyən bibisinin sözlərinə görə, Əli Rəhimov 4 il müalicədən sonra dünyaya gəlib: "4 il qardaşım yollarda qaldı, o ölkədən çıxıb, bu ölkəyə getdi, bu ölkədən o ölkəyə, zülmlə bu uşaq dünyaya gəldi. Həkim yalan deyir. Necə ola bilər ki, Əli həkimin dediyi bu boyda xəstəlikləri daşısın, amma biz onu bilə-bilə həkimə aparmayaq? Belə şey olmayıb".

Qeyd edək ki, faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
 
BAKU.WS