Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" Qanunda edilmiş dəyişiklikləri təsdiqləyib. 
 
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısının imzaladığı qərarda deyilir:
"1. 1-ci maddəyə aşağıdakı məzmunda 53-cü bənd əlavə edilsin:
"53) texnoloji nəqliyyat vasitəsi - küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, sənaye sahələrində müvafiq texnoloji proseslərin həyata keçirilməsi zamanı istifadə edilən, xüsusi texnoloji qurğu və avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitəsidir.".
2. 27-ci maddənin II hissəsində:
2.1. 3-cü bənddə "digər" sözü ", siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən" sözləri ilə əvəz edilsin;
2.2. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:
"4) texnoloji nəqliyyat vasitələrinin, habelə bu maddənin II hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;".
Dövlət başçısı "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanununun tətbiqi haqqında fərman da imzalayıb.
Prezident adıçəkilən Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıb:
"1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 3-cü bəndində (birinci halda) və 4-cü bəndində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.2. həmin Qanunun 27-ci maddəsinin II hissəsinin 3-cü bəndində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;
3.3. həmin Qanunun 27-ci maddəsinin II hissəsinin 4-cü bəndində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir".
 
BAKU.WS