Nazir: Azərbaycan Aİ-yə boru kəmərilə nəql olunan qazın həcminə görə 7% payla dördüncü təchizatçıdır

Nazir: Azərbaycan Aİ-yə boru kəmərilə nəql olunan qazın həcminə görə 7% payla dördüncü təchizatçıdır
İqtisadiyyat 45

Xəzər dənizini beynəlxalq enerji bazarları ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum və Cənub Qaz Dəhlizi kimi strateji layihələr sayəsində Azərbaycan bu gün neftini 25, təbii qazını isə 12 ölkəyə uğurla ixrac edir.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən sayca 30-cu Yubiley "Baku Energy Forum"unda çıxış edərkən energetika naziri Pərviz Şahbazov bildirib.

Ötən il Azərbaycanın neft ixracının 75%-dən çoxunun, təbii qaz tədarükünün isə 51%-nin Avropa ölkələrinə yönəldiyini vurğulayan nazir bildirib ki, qısa müddət ərzində boru kəməri ilə qaz nəqlinin coğrafi əhatəsinə görə dünyada qabaqcıl mövqe tutan Azərbaycan, Avropa İttifaqına (Aİ) boru kəməri ilə nəql olunan qazın həcminə görə 7% payla dördüncü təchizatçıdır.

"Bu bir daha təsdiq edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün növ enerji resurslarına rasional və balanslaşdırılmış yanaşması, eləcə də ixrac infrastrukturunun inkişafına yönəlmiş qətiyyətli siyasəti ölkəmizin müasir enerji xəritəsində strateji mövqeyini möhkəmləndirərək, qeyri-sabit bir dünyada etibarlı enerji təhlükəsizliyinin nümunəvi modelini formalaşdırıb", - deyə nazir əlavə edib.

Qaz tədarükünün perspektivləri xüsusunda hazırda işlənməkdə olan beş layihə, eləcə də Bakı Enerji Həftəsi çərçivəsində TPAO, Exxon Mobil Corporation, MOL, ITOCHU və Gran Tierra Energy şirkətləri ilə imzalanmış əməkdaşlıq sənədləri diqqətə çatdırılıb.

Son xəbərlər