bp: "Ceyhan terminalında xlorid tapıldıqdan sonra ixracda gecikmə olmayıb"

Azərbaycanın əsas ixrac marşrutlarından biri olan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə dünya bazarlarına göndərilən xam neftin bəzi partiyalarında üzvi xloridlərin izləri aşkar edilib.
BAKU.WS xəbər verir ki, bu məlumat BTC layihəsinin operatoru olan bp-yə ünvanlanmış sorğudan sonra təsdiqlənib.
"bp Azerbaijan" şirkətinin Kommunikasiyalar şöbəsinin rəhbəri Tamam Bayatlı "AnewZ"ə bildirib ki, "BTC Co" boru kəməri boyunca bütün obyektlərdə xam neftin keyfiyyətinin kompleks qiymətləndirilməsini həyata keçirib.
"Qiymətləndirmənin nəticələri Ceyhan terminalında bəzi çənlərdə üzvi xloridlərin olduğunu təsdiqləyib. Bu çənlərin çirklənməsinin lokallaşdırılması üzrə müvafiq tədbirlər görülüb, eyni zamanda qiymətləndirmələrə görə normalara uyğun gələn çənlərdən neftin yüklənməsi davam etdirilib. "BTC Co" problemin tam həlli üçün lazımi tədbirləri davam etdirir. Hazırda BTC boru kəməri üzrə ixrac əməliyyatları və Ceyhan terminalında Azərbaycan neftinin yüklənməsi davam edir.
Hazırda şirkət SOCAR ilə sıx əməkdaşlıq edərək problemin tam həlli üçün tədbirlər görür, hər yükləmədən əvvəl nümunələrin götürülməsi davam etdirilir", - deyə Tamam Bayatlı vurğulayıb.
O bildirib ki, "BTC Co"nun qiymətləndirməsinə əsasən, Səngəçal terminalına axan Azəri-Çıraq-Günəşli nefti və Şahdəniz kondensatı, həmçinin Səngəçal terminalında olan çənlərdəki neft normativlərə cavab verir.
Ekspertlər qeyd edirlər ki, şirkət tərəfindən vaxtında görülən tədbirlər sayəsində ixrac prosesində heç bir dayanma və ya gecikmə olmayıb.
Oxşar xəbərlər
İqtisadi Şuranın növbəti iclası keçirildi, tapşırıqlar verildi
Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib. Bu barədə BAKU.WS-ə Nazirlər Kabinetindən xəbər verilib. İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbər...