SİZİN REKLAM BURADA!
055 213 76 73


Vyanada səfərdə olan Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman, OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkondo və Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novak ilə görüşlər keçirib.

Bu barədə nazirin müşaviri Zəminə Əliyeva BAKU.WS-ə açıqlamasında bildirib.

Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman ilə görüşdə neftə tələbatı azaldan və qiymətə təsir edən amillər, o cümlədən koronavirusun iqtisadi inkişafı zəiflətməsi vəziyyətində neft bazarının tənzimlənməsi məsələləri müzakirə edilib.

“OPEC plus” ölkələrinin neft bazarına növbəti dəstəyinin vacibliyi qeyd olunub.


Görüşdə, həmçinin ikitərəfli enerji əməkdaşlığına dair məsələlərə də toxunulub. 240 MVt gücündə külək enerjisi layihəsi üzrə Energetika Nazirliyi və “ACWA Power” şirkəti arasında imzalanmış İcra müqaviləsinin iki ölkə arasında enerji əməkdaşlığının inkişafında əhəmiyyətindən bəhs edilib.

Nazir Əbdül Əziz bin Salman külək elektrik stansiyasının tikintisi ilə bağlı investisiya layihəsinin həyata keçirilməsi üçün “ACWA Power” ilə müvafiq müqavilələrin imzlanması mərasimində iştirakına razılıq verib.

OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkondo və Rusiyanın Energetika naziri Aleksandr Novak ilə görüşlərdə isə neft bazarının qısa və uzunmüddətli perspektivdə inkişafı nəzərdən keçirilib.

Neftin qiymətində volatilliyin və tələb-təklif arasında fərqin azaldılması üçün hasilatın məhdudlaşdırılması təklifi üzrə fikir mübadiləsi aparılıb.

Neft bazarının tənzimlənməsi baxımından OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın və öhdəliklərin icrasının zəruriliyi vurğulanıb.

BAKU.WS
QALEREYA