SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan ixracın dəyəri 18,3 milyard ABŞ dolları təşkil edib, ötən ilin müvafiq dövrünə nisbətən 365 milyon dollar və ya 2 faiz artıb.

BAKU.WS İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadla xəbər verir ki, bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 781 milyon dollarlıq ixrac reallaşdırılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 11 ayında qeyri-neft sektoru üzrə ixrac 249 milyon dollar və ya 16 faiz artıb.

Yanvar-noyabr aylarında Rusiyaya 622,3 milyon, Türkiyəyə 363,3 milyon, İsveçrəyə 164 milyon, Gürcüstana 150,6 milyon və Ukraynaya 46,3 milyon dollarlıq qeyri-neft sektoruna aid məhsullar ixrac olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il Rusiyaya qeyri-neft ixracı 12 faiz, Türkiyəyə 13 faiz, İsveçrəyə 33 faiz, Gürcüstana 29 faiz və Ukraynaya 27 faiz artıb.

Bu ilin 11 ayında ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında isə pomidor (166,7 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 157,7 milyon dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (113,5 milyon dollar) üçüncü olub.

Ümumiyyətlə, yanvar-noyabr aylarında meyvə-tərəvəz ixracı 541,9 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 168,1 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 117,9 milyon, pambıq lifi ixracı 108,8 milyon, kimya sənayesi məhsullarının ixracı 95,5 milyon, elektrik enerjisinin ixracı 76 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 54,8 milyon, pambıq ipliyi ixracı 27,3 milyon, şəkər ixracı 26,4 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 22,6 milyon dollar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 54 faiz, pambıq lifinin ixracı 53 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 52 faiz, kimya sənayesi məhsullarının ixracı 30 faiz, pambıq ipliyinin ixracı 28 faiz, elektrik enerjisi ixracı 17 faiz, şəkər ixracı 14 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 11 faiz, meyvə-tərəvəzin ixracı 9 faiz artıb.

Noyabrda isə qeyri-neft sektoru üzrə ixrac 208 milyon dollar təşkil edib. Keçən ilin noyabr ayı ilə müqayisədə bu ilin eyni ayında qeyri-neft sektoru üzrə ixrac 27 milyon dollar və ya 15 faiz artıb. Noyabrda qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (88,4 milyon dollar), Türkiyəyə (38,7 milyon dollar), Gürcüstana (19,1 milyon dollar), İsveçrəyə (16,4 milyon dollar) və Ukraynaya (6,6 milyon dollar) ixrac olunub.

Bu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (37 milyon dollar) birinci, tomat (pomidor 19,1 milyon dollar) ikinci, pambıq mahlıcı (16,9 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

BAKU.WS
QALEREYA