SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gündən etibarən Türkiyədə benzin, dizel yanacağı və mayeləşdirilmiş neft qazının (LPG-Liquefied Petroleum Gas) qiyməti artıb.

BAKU.WS
Türkiyə KİV-nə istinadən xəbər verir ki, benzin 18, dizel yanacağı 15, LPG isə 12 kuruş bahalaşıb. Qiymət artımından sonra İstanbulda benzinin qiyməti 6,20 lirə (2,41 manat), dizel yanacağının qiyməti isə 5,60 lirəni (2,17 manat) keçib.

Mütəxəssislər hesab edirlər ki, Türkiyədə yanacağın sürətli şəkildə bahalaşması ölkədə böyük bahalaşmaya səbəb olacaq. Nəzərə alsaq ki, Türkiyə ilə Azərbaycan arasında sıx ticarət əlaqələri var, bununla da, ölkəmizdə də bahalaşma prosesi sürətlənə bilər.

Millət vəkili, Parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, Türkiyədə bahalaşma prosesi Azərbaycana birbaşa təsir edəcək.

"Yanacaq elə bir şeydir ki, ölkəyə gətirilən məhsulların maya dəyərində bu özünü birbaşa göstərir. Nəzərə alsaq ki, Türkiyədən Azərbaycana çoxlu mallar gətirilir və həmin ölkədə yanacağın qiymətinin artması gətirilən malların bahalaşmasına səbəb olacaq. Azərbaycanda Türkiyə istehsalı olan malların qiymətinin artması ölkə bazarına təsirsiz ötüşməyəcək", - deyə millət vəkili bildirib.

Vahid Əhmədov deyir ki, bunun qarşısını almaq üçün Türkiyədən gətirilən mallara alternativ olaraq yerli istehsal məhsullarına üstünlük verilməlidir:

"Çalışmaq lazımdır ki, Türkiyədən məhsul istehsalını azaldaq və yerli istehsala üstünlük verək. Çalışmaq lazımdır ki, isdaxl-ixrac arasında balanslı siyasət yürüdülsün. Hesab edirəm ki, vacib məqamlarda idxal məhsullarına üstünlük verilsin".

İqtisadçı ekspert Rəşad Həsənov da BAKU.WS-ə açıqlamasında bildirib ki, Türkiyədə yanacağın bahalaşması ölkədə məhsulların qiymətinin artmasına səbəb olacaq.

"Yanacağın bahalaşması bütün növ məhsulların maya dəyərində artıma səbəb olan amillərdəndir. Türkiyədə istehsalatda yanacağın maya dəyəri 3,5 faiz arasında dəyişir. Bu da öz növbəsində məhsulların maya dəyərinin artmasında özünü göstərir. Bu da Azərbaycan bazarlarına təsir edəcək. Yəni Türkiyədən məhsul idxal edən sahibkarlar malları baha alacaqlar. Bununla da, ölkəyə baha gətirilən məhsul baha da satılacaq".

Ziya SƏCCAD
BAKU.WS