SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın geostrateji mövqeyi, Şərq və Qərb dəhlizində önəmli yeri fərqli istiqamətdə yüklərin daşınması üçün geniş imkanlar yaratmaqla, həm ölkəmizin, həm də ümumən Cənubi Qafqaz bölgəsinin önəmini artırır. Tranzit ölkəyə çevrilmə istiqamətində atılan uğurlu addımlar, yaradılan imkanlar sayəsində Azərbaycan son illərdə bu sahədə əhəmiyyətli nəticələr əldə edə bilib. Yükdaşımaların artması, bütün keçidlərdə Azərbaycanın təhlükəsiz tranzit bölgə kimi özünü təsdiqləməsi digər dövlətlərin də marağını cəlb etməkdədir.

Prezident İlham Əliyev də bir neçə gün öncə Şuşada keçirilən Qlobal Media Forumunda çıxışı zamanı, həmçinin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bu məsələyə xüsusi diqqət çəkib. Dövlət başçısı vurğulayıb ki, biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Burada qonşularla yaxşı münasibətlər də önəmli rol oynayır.

Azərbaycanın önəmli tranzit rolu, bu istiqamətdə həyata keçirilən uğurlu siyasət iqtisadi inkişaf baxımından ölkəmizə daha hansı üstünlüklər vəd edir?

Mövzu ətrafında 0xu.az-a danışan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Azərbaycanın şimalında və cənubunda yerləşən dövlətlərin sanksiyalarla üzləşməsi bölgədə yükdaşımaların marşrutlarına da təsir edib. Bu mənada, ölkəmiz üzərindən keçən multimodal marşrut daha çox diqqət çəkir:

“Burada məşhur TRASEKA layihəsini də qabartmaq olar. Avropa-Qafqaz-Asiya marşrutu və onun şaxələri kimi formalaşmış yeni dəhlizlər, Orta dəhliz - Çin-Qazaxıstan sərhədindən, Xəzəri keçməklə Azərbaycan və Gürcüstandan ötüb, Qara dəniz üzərindən daşımalar tələbatlı və aktualdır. Həmçinin Gürcüstandan Bakı-Tbilisi-Qars üzərindən Türkiyə limanlarına və Türkiyə üzərindən Avropaya çıxışı TRASEKA təmin edir. Həmçinin Şərq-Qərb dəhlizinin son 30 ildə gündəmdə olan, amma son illərdə daha da aktivləşən marşrutlardan biri də Çin-Qırğızıstan-Özbəkistan dəmir yoludur. Bu ikinci və 900 kilometr daha qısa marşrut olacaq. Çinin Kaşqar şəhərindən başlayan dəmiryolu ilə daşınan yüklər Türkmənistanın Türkmənbaşı limanına, oradan da Azərbaycandan keçməklə Avropaya gedəcək. Bu baxımdan Azərbaycan üzərindən daşınan yüklərin şaxələndirilməsi mövzusu gündəmə gəlir. Eyni istiqamətdə yüklərin artması riskləri də artırır. Yəni marşrutda yüklənmə, yolda tıxac ola bilər. Yolun şaxələndirilməsi üçünsə alternativlər təklif edilməlidir. Bu baxımdan, Zəngəzur dəhlizinin əhəmiyyəti artır və ümumiyyətlə, Azərbaycanın Qərb sərhədləri, nə qədər imkan varsa, bütün dəmir yolları açılmalıdır. Gələcəkdə Zəngəzur-Naxçıvan, Balakən-Gürcüstan, Qazax-İcevan istiqamətində dəmiryollarının istifadəsi balaca bir regionda bir yox, bir neçə çıxışın təmin edilməsi deməkdir. Nəticədə, ölkə üzərindən daha çox yükün qəbul edilib, ötürülməsi həyata keçiriləcək”.

Rauf Ağamirzəyevin fikrincə, digər önəmli layihələrdən biri də Şimal-Cənub Nəqliyyat Dəhlizidir:

“İndiki dönəmdə Rusiyanın Azərbaycan üzərindən cənuba çıxışını təmin edəcək bir marşrutdan söhbət gedir. Həmçinin Hindistanın yüklərinin üzü şimala daşınması da sözügedən dəhliz üzərindən həyata keçirilir.

Cənub-Qərb marşrutu isə Fars körfəzi ilə Qara dəniz limanlarını əlaqələndirəcək. Bu baxımdan, İranın Azərbaycan üzərindən Gürcüstanın Qara dəniz limanlarına çıxışını təmin edəcək. Ermənistanla münasibətlərin normallaşması Fars körfəzindən gələn yüklərin qismən Naxçıvan Muxtar Respublikası, Ermənistan və Gürcüstan üzərindən daşınmasının təmini üçün şərait yaratmış olacaq.

Bütün bunlarla yanaşı, Azərbaycan üzü cənuba çıxışların şaxələndirilməsi yönündə də bəzi layihələrdə maraqlıdır. Bu layihələrdən biri İraq, Türkiyə dəmir yoludur. Yeri gəlmişkən, İraqın bir çox şəhərlərinə avqustun birindən hava nəqliyyatı üzrə reyslər açılacaq. İranın sanksiya altında olması bir çox mənada risklər yaradır. Bu baxımdan, alternativlər haqqında düşünmək lazımdır. Yəni Mərkəzi Asiya ölkələrindən gələn, Azərbaycandan keçən yüklər eyni marşrutda, amma fərqli istiqamətdə hərəkət edə bilər. Yüklər Azərbaycandan keçib, Bakı-Tbilisi-Qars üzərindən Türkiyə, oradan İraqa, Bəsrə limanına və Fars körfəzi ölkələrinə çıxışı təmin ediləcək. Bu birbaşa İrandan asılı hala düşmədən alternativ istiqamət olur.

Cənuba alternativ çıxışlardan biri də uzun zamandır, müzakirə edilən, Özbəkistanın təşəbbüskarı olduğu Trans-Əfqan dəmir yoludur. Bu dəmir yolu Məzari-Şərif, Kabil, Pişəvər şəhərləri arasında əlaqəni təmin edəcək. Bununla, həm Mərkəzi Asiya ölkələri, həm Qafqaz ölkələrinin Pakistanın Karaçi limanına çıxışı təmin olunacaq. Yəni Azərbaycandan Türkmənistan və Qazaxıstan limanlarına yüklər çatır və oradan Özbəkistanı keçməklə Əfqanıstan, Pakistan marşrutu üzrə Hind okeanına çıxış təmin olunacaq.

Beləliklə, bu dəhlizlər işə düşdüyü, yükdaşıma artdığı halda Azərbaycanın həm bölgədə önəmi artır, həm də birbaşa dənizə çıxışı olmayan ölkələrin böyük bazarlara çıxışı təmin olunur”.

2017-ci ildə Lapis-Lazuri marşrutunun işə salındığını xatırladan ekspert bildirib ki, marşrut Əfqanıstanın Türkmənistan, Azərbaycan, Gürcüstan və Qara dəniz üzərindən Avropaya çıxışını təmin edirdi:

“Həmçinin Xəzər və Qara dəniz marşrutları Türkmənistan, Azərbaycan, Gürcüstan, Rumıniya marşrutu üzrə daşınmaların təşkili üçün razılaşma əldə olunmuşdu. Bütün bunlar Gürcüstan və Azərbaycanın multimodal daşımalar üçün önəmli rol oynadığını göstərir.

Azərbaycan Xəzər dənizi üzərindən daşımalarda çox üstün mövqeyə sahibdir. Son altıaylıq hesabata əsasən, sözügedən sahədən 930 milyon dollara yaxın gəlir əldə olunub.

Ölkəmiz Qara dəniz hövzəsində də öz mövqeyini artırmaqdadır. Tankerlərin, yeni sifarişlə əldə edilmiş “Qarabağ”, “Şuşa” və “Zəngəzur” “aframaks” tipli, yəni eyni anda 115 min ton məhsulu daşımaq gücünə sahib olan gəmilərin istifadəsi Qara dəniz hövzəsində Azərbaycanın mövqeyini daha da artıracaq. Quru yükdaşımalarda konteynerləşmiş yüklərə meyil artır və ona görə, quru yük gəmilərinin də sayı çoxaldılacaq.

Beləliklə, Azərbaycan Şərq-Qərb dəhlizində nəinki tranzit ölkə kimi, eyni zamanda yük daşıma xidmətindən də dividendlər qazanacaq. Prezident İlham Əliyevin son çıxışlarında qabartdığı məqamlardan biri də bu dəhlizin multieffekti idi. Yəni dəhliz boyu sənaye müəssisələrinin, logistika mərkəzlərinin açılması, Ələt Azad İqtisadi Zonasının üstünlükləri ölkəmizdə yeni iş yerlərinin açılmasına fürsət yaradır”.

BAKU.WS