SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2023-cü il martın 31-ə ARDNF-in aktivləri 2023-cü ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 9.0% artaraq 53 437,6 milyon ABŞ dolları təşkil edib.

BAKU.WS bu barədə Fonda istinadən xəbər verir.

2023-cü ilin yanvar-mart ayları ərzində ARDNF-in büdcə gəlirləri 7 643,3 milyon manat, büdcə xərcləri isə 1 584,3 milyon manat təşkil edib.

2023-cü ilin yanvar-mart ayları ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 596,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 4 829,9 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat olub.

Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 2 047,3 milyon manatdır. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəlirləri 1 427,6 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-in 2023-cü il büdcəsinin icrası çərçivəsində 1576,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,2 milyon manat yönəldilmişdir. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 2,0 milyon manat yönəldilib.

2023-cü ilin yanvar-mart ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 5,1 milyon manat təşkil edib.

2022-ci il ərzində beynəlxalq maliyyə bazarlarında yaşanan volatillik 2023-cü ilin ilk 3 ayında da ARDNF-in investisiya portfelində müəyyən qədər müşahidə olunsa da, iqtisadi göstəricilərin tədricən yaxşılaşması fonunda bazarlarda nikbinliyin artması, eləcə də, faiz dərəcələrindəki artım tempinin tədricən azalması ilə cari ilin sonu üçün monetar siyasətdə yumşalma gözləntiləri ARDNF-in həm istiqraz, həm də səhm aktivlərinə öz müsbət töhfəsini göstərmişdir. Eyni zamanda bildirək ki, maliyyə sektorunda, xüsusilə ABŞ və İsveçrə bank sektorunda yaşanan böhran fonunda ARDNF-in istiqraz alt portfelinin son illərdə keyfiyyətinin artırılması mümkün mənfi təsirlərdən yayınmağa imkan verməklə, diversifikasiya effekti hesabına mart ayında investisiya portfelinin gəlirliliyin artmasına təkan vermişdir. Buna baxmayaraq inkişaf etmiş ölkələrin iqtisadi göstəricilərinin bəzilərində müsbət tendensiya müşahidə olunsa belə, mərkəzi bankların təyin etdiyi hədəf dərəcələrindən yüksək olan inflyasiyanın daha uzun müddətdə davam etməsi ehtimalları maliyyə aktivlərinin gəlirlilikləri ilə bağlı qeyri-müəyyənlikləri istisna etmir.

Yuxarıda qeyd edilən investisiya və büdcədənkənar gəlirlərin, həmçinin neft və qaz satışından əldə olunan daxilolmaların 3 ayın nəticələri üzrə proqnozları üstələməsi ARDNF-in aktivlərinin həcminin artmasında öz əksini tapıb.

BAKU.WS