Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi yarışları ilə əlaqədar paytaxtın mərkəzində yerləşən hotellərdə qiymətlər artıb.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Trend-ə bildirib.

Onun sözlərinə görə, yarışları izləməyə bir sıra Avropa ölkələri və digər ölkələrdən turistlər gəlir. Bu da istər hotellərin, istərsə də kirayə mənzilərin qiymətlərinə təsir edir.

"Monitorinqlərimizə əsasən, yarışın keçiriləcəyi yolun üzərində və yaxınlığında yerləşən şəbəkə hotellərdə yer, demək olar ki, yoxdur və satışı dayandırıblar. Beşulduzlu digər hotellərin də bəzilərində qiymət artımı müşahidə olunur. Şəhərin mərkəzində və İçərişəhərdə yerləşən bəzi hotellər adi günlərdəki qiymətlərdən fəqli olaraq yarış günlərinə olan qiyməti hətta on dəfəyədək qaldırıb. Belə yarışlarda hotellərin qiymətinin bahalaşması təbiidir. Bu bütün dünyada belədir",- deyə o bildirib.

S.Dübəndi deyib ki, Formula 1 bahalı idman növü olduğundan bu yarışların fanatları da adətən maddi təminatı yüksək olan şəxslərdir.

"Bu səbəbdən onlar komfortlu və çoxulduzlu hotellərə üstünlük verirlər. Əvvəlki illərdə ölkəmizdə Formula 1 yarışları keçirilərkən hotellərdə builki qədər qiymət fərqi olmamışdı. Bunun da əsas səbəbi pandemiya vaxtında hotellərdə müştəri azlığı idi. Pandemiya yumşalandan sonra hazırda turizm bərpa edilir", - S.Dübəndi qeyd edib.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində Bakıda baş tutacaq.

BAKU.WS