Tramp ABŞ Dövlət Departamentində radikal ixtisarlar planlaşdırır

Tramp ABŞ Dövlət Departamentində radikal ixtisarlar planlaşdırır
Dünya 58

ABŞ prezidenti Donald Trampın hazırlanmış fərman layihəsi Dövlət Departamentində ciddi ixtisar və yenidənqurma aparmağı nəzərdə tutur.

BAKU.WS xəbər verir ki, bu barədə Bloomberg, sənədin surətinə istinadən xəbər yayıb.

Bildirilir ki, bu dəyişikliklər departamentin 1789-cu ildən bəri ən böyük islahatlarından biri ola bilər. Məlumata görə, 16 səhifəlik layihə ABŞ-nin bütün dünyadakı diplomatlarına göndərilib.

Fərmana əsasən, iqlim, qaçqınlar, demokratiya və Afrika məsələləri ilə məşğul olan onlarla şöbə və vəzifə ləğv olunacaq. BMT ilə əlaqələri təmin edən Beynəlxalq Təşkilatlarla İş üzrə Büro da bu siyahıya daxildir. Həmçinin, Kanadada aparılan diplomatik fəaliyyətlərin əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılır.

Yeni struktur çərçivəsində Dövlət Departamenti dörd regional büroya bölünəcək: Hind-Sakit okean regionu, Latın Amerikası, Yaxın Şərq və Avrasiya.

Səhraaltı Afrikada yerləşən bəzi "ikinci dərəcəli" səfirlik və konsulluqlar bağlanacaq. Bütün dəyişikliklərin 1 oktyabra qədər həyata keçirilməsi nəzərdə tutulur.

The New York Times da bu məlumatı təsdiqləyən xəbər yayıb.

Bununla belə, ABŞ-nin dövlət katibi Marko Rubio bazar günü yayılan xəbərləri "saxta xəbər" adlandırıb: "Bu, saxta xəbərdir. The New York Times növbəti dezinformasiyanın qurbanına çevrilib", – deyə o, X sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, bir qədər əvvəl Dövlət Departamenti Avropanı Ukrayna böhranına tezliklə həll tapmağa çağırmışdı.

Son xəbərlər