Şahin Şıxlinski və oğlu müxtəlif cəzaçəkmə müəssisələrinə göndərilib

Şahin Şıxlinski və oğlu müxtəlif cəzaçəkmə müəssisələrinə göndərilib
Dünya 79

Uralda fəaliyyət göstərən Azərbaycan diasporunun sabiq rəhbəri Şahin Şıxlinski Rusiyanın Krasnoyarsk diyarında yerləşən cəzaçəkmə müəssisəsinə etap olunur. Onun oğlu Mütvəli Şıxlinski isə Sverdlovsk vilayətinin Verxoturye şəhərindəki 53 saylı islah koloniyasına köçürülüb.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın E1.ru portalı məlumat yayıb. Bildirilir ki, məhkumların etap edilməsi ilə bağlı sənədlər iyulun 17-də rəsmiləşdirilib. Məlumata görə, Şahin Şıxlinski ilə birlikdə Səfərov qardaşları da Krasnoyarsk diyarındakı cəzaçəkmə müəssisəsinə göndərilib.

Xatırladaq ki, Şıxlinskilər və Səfərovlar 2025-ci ilin yayında Yekaterinburqda keçirilən əməliyyat zamanı saxlanılıblar. Onlar sifarişli qətl və qətllərə cəhdin təşkili ilə bağlı ittiham olunaraq uzunmüddətli həbs cəzasına məhkum ediliblər.

Bundan əlavə, Şıxlinskilər ailəsi saxlanılarkən avtomobillə hüquq-mühafizə orqanı əməkdaşını vurmaqda da təqsirləndirilib. Məhkəmənin hökmü ilə Şahin Şıxlinski qətlin təşkili və adam öldürməyə cəhd maddələri üzrə 24 il müddətinə azadlıqdan məhrum edilib. Oğlu Mütvəli Şıxlinski isə ümumi rejimli islah koloniyasında cəza çəkmək şərti ilə 8 il həbs cəzası alıb.

Qeyd edək ki, Şıxlinskilərin həbsi Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda Azərbaycan diasporunun üzvlərinə qarşı keçirdiyi genişmiqyaslı əməliyyatdan sonra baş verib. Həmin əməliyyat zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları həyatını itirib, ailənin digər üzvləri və diasporun bir neçə nümayəndəsi saxlanılıb.

Daha sonra saxlanılan şəxslərə qarşı hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinskiyə isə əlavə olaraq qətlin təşkili və adam öldürməyə cəhd ittihamları irəli sürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər